Rusiyadan Litvaya kəskin xəbərdarlıq: "Nüvə silahlarımızın hədəfində olacaqsınız"

Rusiyadan Litvaya kəskin xəbərdarlıq: "Nüvə silahlarımızın hədəfində olacaqsınız"
16:20

Litva Konstitusiyasında ölkə ərazisində nüvə silahının yerləşdirilməsinə qoyulan qadağanın ləğvi məsələsini müzakirə edir. İyul ayında parlament partiyalarının ilkin razılığından sonra, sentyabrın 9-da Parlamentin Hüquq Məsələləri Komitəsi 7 "lehinə" və 2 "əleyhinə" səslə təklifi təsdiqləyib. Bu addım 2027-ci ilin əvvəlində yekun qərarın verilməsinə yol açır.

"Kyiv Post"un məlumatına görə, bu qadağanın ləğvi 2004-cü ildən NATO üzvü olan Litvaya öz ərazisində alyansın nüvə qüvvələrini yerləşdirmək imkanı verəcək.

Rusiya tərəfi isə Vilnüsün bu addımına kəskin reaksiya verib. Kremlin mətbuat katibi Dmitri Peskov Litvanı açıq şəkildə hədələyərək bildirib ki, Baltikyanı ölkə nüvə silahlarının hədəfinə çevrilə bilər:

"Əgər həmin ərazidə bizə tuşlanmış nüvə silahları yerləşdirilərsə, həmin ölkənin ərazisi də avtomatik olaraq bizim nüvə silahlarımızın hədəfində olacaq", – deyə Peskov vurğulayıb.

Xatırladaq ki, Ukraynanın Avropadakı en fəal tərəfdaşlarından olan Litva qərbdən Rusiyanın Kalininqrad eksklavı, cənubdan isə Moskvanın yaxın müttəfiqi olan Belarusla həmsərhəddir. Rusiya 2023-cü ilin iyun ayından etibarən Belarusa nüvə silahı yerləşdirməyə başlayıb, 2025-ci ilin dekabrında isə nüvə başlığı daşıya bilən "Oreşnik" orta mənzilli balistik raket komplekslərini bu ölkənin ərazisinə göndərib.


Sizin reklam burada
Sizin reklam burada