Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov İran Prezidentinin siyasi müşaviri Mehdi Sənayi ilə görüşüb.
News365.az xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.
Mehdi Sənayi görüş zamanı iki dövlət və xalq arasında olan dərin dostluq əlaqələrinə toxunub, qarşılıqlı səfərləri və əməkdaşlığımızı münasibətlərimizin inkişafında dönüş nöqtəsi adlandırıb.
“Ümid edirik ki, iki ölkə arasında birgə proyektlərin daha sürətli icrasına mane olan problemlər həll olunacaq və bu layihələr dəqiqliklə tamamlanacaq”, - Sənayi bildirib.
İran rəsmisi prezident Pezeşkianın göstərişinə əsasən, İranın qonşu ölkələrlə, xüsusilə də Azərbaycanla əlaqələrinin dərinləşdirilməsinin vacibliyini vurğulayıb.
“Prezidentin Bakıya səfərindən sonra əlaqələrimizdə irəliləyişlər əldə olunub, lakin hələ də bəzi məsələlər, o cümlədən quru sərhədlərinin açılması, məhbusların mübadiləsi haqqında sazişin icrası və s məsələlər öz yerində qalır”, - İran prezidentinin siyasi müşaviri qeyd edib.
Xələf Xələfov Tehrana səfərindən məmnunluğunu ifadə edib və ölkələrimiz arasında dərin mədəni-tarixi köklərin mövcudluğundan söz açıb.
O qeyd edib ki, hər iki ölkə başçılarının iradəsi nəticəsində Azərbaycan və İranda olan qurum və təşkilatlar hərtərəfli əlaqələri genişləndirmək üçün maneələri aradan qaldırmağa çalışırlar.
“Birgə komissiyanın iclasının baş tutması, uçuşların sayının artırılması, İran Milli Bankının Bakı filialının fəaliyyətə başlaması, Bakı-Təbriz aviareysinin açılması kimi razılaşmalar həyata keçirilib. Yerdə qalan razılaşmaların icrası üçün də qarşılıqlı əməkdaşlıqla və mövcud maneələrin aradan qaldırılması istiqamətində çalışırıq”, - Xələf Xələfov bəyan edib.