Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü çərçivəsində Ağdərə və Kəlbəcər rayonlarındakı tarixi-memarlıq abidələrinə baxış keçirilib.
News365.az xəbər verir ki, səfər proqramına uyğun olaraq, nümayəndə heyəti əvvəlcə Ağdərə rayonunun Vəngli kəndində yerləşən Gəncəsər Monastır Kompleksində olub. Diplomatlara tarixi-memarlıq abidəsi, onun mədəni irsi və ərazidə görülən bərpa-quruculuq işləri barədə məlumat verilib.
Daha sonra diplomatik korpusun nümayəndələri Kəlbəcər rayonuna yola düşərək burada yerləşən Xudavəng Monastır Kompleksini ziyarət ediblər. Qonaqlara kompleksin tarixi, memarlıq xüsusiyyətləri və burada yerləşən dini abidələr barədə məlumat verilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Qarabağ və Şərqi Zəngəzurda səfərdədirlər.
Səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərdən ibarət heyət iştirak edir.
Sentyabrın 11-də diplomatik korpusun nümayəndələri Xankəndi və Şuşa şəhərlərində olublar. Diplomatlar əvvəlcə Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksində aparılan işlərlə tanış olublar. Daha sonra Xankəndi şəhərindəki Mədəniyyət Mərkəzi ziyarət edilib. Diplomatik korpusun nümayəndələri "Zəfər" parkını ziyarət edib, Zəfər tağı qarşısında xatirə şəkil çəkdiriblər. Səfər çərçivəsində, həmçinin Qarabağ Universiteti ilə də tanışlıq olub.
Nümayəndə heyəti Şuşa şəhərində həyata keçirilən bərpa-quruculuq işləri ilə tanış olub, Birinci yaşayış məhəlləsini, Yeni Şuşa məscidinin tikintisini, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini, Cıdır düzünü, Qarabağ küçəsini, "Sadıqcanın evi"ni, Aşağı Gövhər ağa məscidini, Şuşa mərkəzi meydanını, Şuşa Yaradıcılıq Mərkəzini və Üzeyir Hacıbəylinin ev muzeyini ziyarət edib.
Diplomatlar, həmçinin Şuşa Qala divarları önündə xatirə fotosu çəkdirib və Meksika Respublikasının Müstəqillik Günü şərəfinə keçirilən rəsmi qəbulda iştirak edibl
***
Diplomatik korpusun nümayəndələri Qarabağa səfərlərinin ikinci günündə Azərbaycaycanın Ağdərə rayonunun Vəngli kəndində olublar.
News365.az xəbər verir ki, diplomatlar erməni vandalizminə məruz qalmış, Qafqaz Albaniyasının dini və mədəni mərkəzlərindən biri Gəncəsər Monastır Kompleksinə baxış keçiriblər.
Qeyd edək ki, Gəncəsər monastır kompleksi - erməni vandalizminin qurbanı olan abidələrimizdən biridir. Elmi ədəbiyyatda Xəznədağ məbədi adı ilə tanınan bu kompleksin əsas tikililəri XIII əsrdə inşa edilib. Monastırın yerləşdiyi Xaçınçay sahilindəki təpə hələ xristianlıqdan öncə müqəddəs yer sayılıb. Gəncəsər monastırı Qafqaz Albaniyasının dini və mədəni mərkəzi olub. Gəncəsər monastırı işğal dövründə ermənilər tərəfindən saxtakarlığa və qanunsuz müdaxilələrə məruz qalaraq tarixi alban memarlıq üslubu dəyişdirilmişdir. Ermənilər 2012-ci ildə bu abidənin divarlarının üzərini mərmər daşlarla bağlamağa başladılar. Kompleksin həyətində aparılan tikinti “abadlıq” işləri monastırın əzəli görkəminə zərər vurub.







