“Mən həm də filoloq olduğum üçün bu sualı məndən tez-tez soruşurlar, bu mövzuda fikirlərimi bölüşmək istəyirəm.
“Hüquq-mühafizə, xüsusi xidmət və digər güc strukturlarında çalışan qadın əməkdaşlara necə müraciət olunmalıdır?"
Qadın əməkdaşa müraciət sadəcə söz seçimi deyil, hörmətin və ünsiyyət mədəniyyətinin göstəricisidir”.
Bu fikirləri Azərbaycan Milli Konservatoriyasının müəllimi Mehranə Vəliqızı söyləyib.
O, əlavə edib ki, bəzən qadın əməkdaşa cənab leytenant,cənab mayor, yaxud “cənab rəis” və s. deyildiyini eşidirik:
“Lakin “cənab” kişi şəxsə, “xanım” isə qadın şəxsə müraciətdə işlənən sözlərdir və bu baxımdan qadın əməkdaşa “cənab” deyilməsi dil baxımından uyğun deyil.
Daha düzgün müraciət formaları “xanım leytenant” və ya müvafiq xidməti rütbə ilə müraciətdir.
Hərbi qulluqçular üçün isə müraciət məsələsi ayrıca nizamnamə qaydaları ilə tənzimlənir.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 25, 26, 28 və 38-ci maddələri xidməti ünsiyyət, rəisə müraciət və hərbi rütbə ilə müraciət qaydalarını müəyyən edir.
Xüsusilə 38-ci maddədə rəisə və böyüyə müraciət zamanı hərbi rütbənin qarşısında “yoldaş” sözünün işlədilməsi nəzərdə tutulur.
Bu isə göstərir ki, hərbi mühitdə əsas meyar şəxsin cinsi deyil, onun xidməti statusu və hərbi rütbəsidir.
Vətəndaş ünsiyyətində isə qadına “xanım”, kişiyə “cənab” deyilməsi dilin təbii və aydın müraciət formasıdır.
Unutmayaq: hörmət hər kəsə eyni dərəcədə göstərilir, lakin hər kəsə eyni sözlə müraciət edilmir.
Qadın əməkdaşın xidmətinə, rütbəsinə və şəxsiyyətinə hörmət etmək onun qadın olduğunu görməzlikdən gəlmək deyil, ona doğru sözlə müraciət etməyi də bacarmaqdır”.
News365.az