ABŞ-ın İran hesabı: Dondurulmuş milyardlar və “bataqlıq” riski – Əli Zülfüqaroğlundan ŞƏRH
ABŞ Prezidenti Donald Trampın İranın dənizdə vurduğu zərərlərin Vaşinqtonun nəzarətindəki İran vəsaitləri hesabına kompensasiya ediləcəyini bəyan etməsi və görünməmiş hərbi hücum anonsu regionda gərginliyi Pik nöqtəyə çatdırıb. Hətta tərəflər arasında quru əməliyyatlarının başladığına dair xəbərlər də yayılmaqdadır.
Bəs Vaşinqtonun bu sərt gedişləri real hərbi nəticə verə bilərmi, yoxsa bu, diplomatik təzyiq taktikasının bir hissəsidir?
Məsələ ilə bağlı siyasi şərhçi Əli Zülfüqaroğlu News365.az-a xüsusi açıqlamasında bildirib ki, Vaşinqton bütün təzyiq rıçaqlarını işə salaraq Tehranı, xüsusən Hörmüz boğazı ilə bağlı mövqeyində güzəştə getməyə məcbur etmək istəyir.
Siyasi ekspertin sözlərinə görə, yaxınlaşan seçkilər fonunda ABŞ hakimiyyətinin manevr imkanları xeyli məhdudlaşıb:
“Konqresə seçkilərdə oluna biləcək məğlubiyyət Ağ Ev üçün siyasi intihara bərabərdir. Ona görə də Vaşinqton böyük müharibədə maraqlı deyil, daha çox nokta (məhdud) zərbələrlə İranın müqavimət gücünü qırmağa çalışır. Tehran isə istənilən ssenariyə hazır olduğunu bəyan edir. İranın son cavab həmlələrinin effekti ABŞ Konqresində və hökumətində ciddi fikir ayrılıqları, qeyri-müəyyənlik yaradıb”.
Trampın İran vəsaitlərini mənimsəmək planına toxunan Ə.Zülfüqaroğlu bunun strateji baxımdan zəif gediş olduğunu vurğulayıb:
“Müxtəlif mənbələrə görə İranın dondurulmuş vəsaitləri 100 milyard dollardan çoxdur, bunun təxminən 12 milyard dolları birbaşa ABŞ-ın nəzarətindədir. Ağ Ev bu vəsaitə əl qoyarsa, Tehran Körfəz ölkələrindəki Amerikaya məxsus milyardlarla dollarlıq investisiya obyektlərini hədəf ala bilər. Nəticədə ABŞ-a dəyən zərər də on milyardlarla dolları ötəcək”.
Ekspert hesab edir ki, İranın müqavimətini qırmaq çətinləşdikcə Vaşinqton idarəolunan lokal hücumlara, məsələn, ərəb ölkələrinə yaxın strateji adaların ələ keçirilməsinə cəhd edə bilər:
“Lakin bir reallıq var: İran ərazisində istənilən quru əməliyyatına başlamaq Vaşinqton üçün daha dərin və çıxılmaz bir bataqlıq demək olacaq”.