"ABŞ ilə Azərbaycan arasında münasibətlərdə son dövrlər müşahidə olunan canlanma rəsmi Bakı ilə Vaşinqton arasında əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir."
Bunu Politoloq Əlimusa İbrahimov News365.az-a deyib.

O, bildirib ki, ABŞ rəsmilərinin Azərbaycana son səfərləri gözləntilərdən də artıq nəticələr verib.
Onun sözlərinə görə, səfərlər yalnız rəsmi görüşlərlə və ABŞ Prezidenti Donald Trampın Azərbaycanda keçirilən tədbirlərlə bağlı təbriklərinin çatdırılması ilə məhdudlaşmayıb:
“Azərbaycana səfər edən ABŞ nümayəndəsi təkcə görüşlər keçirməklə və Donald Trampın Azərbaycanda keçirilən tədbirlə bağlı təbriklərini çatdırmaqla kifayətlənmədi. Eyni zamanda, Azərbaycan üçün mühüm əhəmiyyət daşıyan jestlər etdi. Bildiyiniz kimi, 907-ci düzəlişin tətbiqinin dayandırılması müddətinin uzadılması xüsusi önəm daşıyan addım oldu.
Bu, həmin düzəlişin gələcəkdə tamamilə aradan qaldırılması istiqamətində müəyyən ümidlər yaradır. Hesab edirəm ki, Azərbaycan bundan sonra da 907-ci düzəlişin ləğvi istiqamətində ciddi addımlar ata bilər. Bu qərar, eyni zamanda, ABŞ-Azərbaycan münasibətlərinin daha da inkişaf etdirilməsi baxımından bir növ yaşıl işıq rolunu oynayır.
Prezident səviyyəsində keçirilən görüşlər və son dövrlərdə baş tutan təmaslar göstərir ki, Azərbaycanla ABŞ arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Donald Trampın hakimiyyəti dövründə bu münasibətlər daha da intensiv xarakter almağa başlayıb.
ABŞ-ın Azərbaycana xüsusi diqqət ayırmasının əsas səbəblərindən biri ölkəmizin Cənubi Qafqazda və ümumilikdə regionda oynadığı mühüm rolu daha dərindən dərk etməsidir.
Hesab edirəm ki, Yaxın Şərqdə baş verən hadisələr və Rusiya-Ukrayna müharibəsi ilə bağlı bəzi problemlər aradan qalxdıqdan sonra Azərbaycanla ABŞ arasında əməkdaşlığın inkişafı üçün daha əlverişli imkanlar yaranacaq”.