Ukraynanın sabiq prezidentləri də Polşanın "Ağ Qartal" ordenindən imtina etdilər

Ukraynanın sabiq prezidentləri də Polşanın "Ağ Qartal" ordenindən imtina etdilər
21 İyn 2026 11:33

Polşanın ən ali dövlət mükafatı olan "Ağ Qartal" (Order Orła Białego) ordeni ilə təltif edilmiş Ukraynanın bütün keçmiş prezidentləri bu mükafatdan imtina ediblər.

Bu barədə məlumatı "Avropeyskaya Pravda" nəşri yayıb

Ukraynanın beşinci prezidenti Petro Poroşenko şənbə günü axşam saatlarında Polşanın hazırkı prezidenti Karol Navrotskinin Ukrayna lideri Volodimir Zelenskini bu mükafatdan məhrum etmək qərarına etiraz olaraq "Ağ Qartal" ordenindən imtina etdiyini bəyan edib.

Poroşenkodan bir qədər əvvəl Ukraynanın üçüncü prezidenti Viktor Yuşşenko da eyni addımı atıb. Ölkənin ikinci prezidenti Leonid Kuçma isə hələ 1997-ci ildə layiq görüldüyü bu ordendən imtina edən ilk eks-prezident olub.

Zelenskinin ordendən məhrum edilməsinin səbəbi nədir?

Bundan əvvəl Polşa Prezidenti Karol Navrotski Volodimir Zelenskinin "Ağ Qartal" ordenindən məhrum edildiyini açıqlamışdı.
 

Buna səbəb kimi Kiyevin Ukrayna hərbi hissələrindən birinə Ukrayna Üsyançı Ordusunun (UPA) şərəfinə fəxri ad verməsi göstərilib. UPA-nın tarixi fəaliyyəti isə Varşava ilə Kiyev arasında kəskin tarixi və siyasi mübahisə mövzusu olaraq qalır.


Qeyd edək ki, sözügedən orden Zelenskiyə 2023-cü ildə Polşanın sabiq prezidenti Andjey Duda tərəfindən iki ölkə arasındakı xüsusi münasibətlərin rəmzi olaraq təqdim edilmişdi.

Tarixi ixtilaf: Volın qətliamı

Polşa və Ukrayna arasındakı əsas tarixi münaqişə 1943–1945-ci illərdə baş vermiş "Volın qətliamı" ilə bağlıdır. Həmin dövrdə UPA bölmələri Volın və Şərqi Qalitsiyada on minlərlə dinc polşalını (qadınlar, uşaqlar və qocalar da daxil olmaqla) kütləvi şəkildə qətlə yetirib.

Polşa bu hadisələri polyak xalqına qarşı soyqırımı kimi qəbul edir. 2016-cı ildə Polşa parlamenti (Seym) Volın qətliamını rəsmən soyqırımı aktı olaraq tanıyıb.


Sizin reklam burada
Sizin reklam burada