ABŞ Prezidenti Donald Trampın İran xarici işlər naziri Abbas Əraqçinin Hörmüz boğazında gəmiçiliyin bərpası ilə bağlı Qətər vasitəçilərinin kompromis təklifini qəbul etməsindən sonra İrana planlaşdırılan güclü zərbəni ləğv etməyə razılaşdığı iddia edilir.
İsrailin "N12" telekanalı danışıqların təfərrüatları ilə tanış olan iki diplomata istinadən bu barədə məlumat yayıb.
"N12"nin məlumatına görə, kompromis təklif Hörmüz boğazından Fars körfəzinə daxil olan gəmilərin İranın ərazi sularından keçməsini, körfəzdən çıxan gəmilərin isə Oman ərazi sularından hərəkət etməsini nəzərdə tutur.
Telekanalın iddiasına əsasən, Qətər vasitəçiləri əldə olunan razılaşmaların İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) dəstəyini alması üçün İranla danışıqları davam etdirirlər.
"Axios" portalının məlumatına görə, Qətər vasitəçiləri şənbə günü Abbas Əraqçı, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Oman nümayəndələri ilə ayrı-ayrılıqda məsləhətləşmələr aparıblar.
Görüşlər zamanı müəyyən irəliləyiş əldə olunduğu bildirilsə də, detallarla bağlı məlumat verilməyib.
Qeyd edək ki, bundan əvvəl Donald Tramp "Truth Social" platformasındakı paylaşımında Tehranla razılaşmaya nail olmaq məqsədilə İrana planlaşdırılan güclü zərbəni ləğv etməyə razılaşdığını açıqlayıb.