Ukrayna və İran cəbhəsində irəliləyiş gözlənilmir – səbəb nədir?

Ukrayna və İran cəbhəsində irəliləyiş gözlənilmir – səbəb nədir?
14:02

ABŞ, Avropa İttifaqı, Rusiya və Ukrayna arasında dərinləşən siyasi ziddiyyətlər enerji bazarındakı proseslərlə daha mürəkkəb xarakter alır. Yanacağın qiymətindəki dəyişikliklər, Rusiyanın enerji infrastrukturuna qarşı hücumlar və Vaşinqtonun Kiyevə münasibətdə sərtləşən ritorikası beynəlxalq siyasətdə yeni gərginlik ocaqları yaradır. Mövcud vəziyyət göstərir ki, Ukrayna müharibəsinin taleyi yalnız cəbhədəki hərbi əməliyyatlardan deyil, həm də böyük güclərin iqtisadi və siyasi maraqlarından asılıdır.

ABŞ Prezidenti Donald Trampın Ukraynada yeni prezident seçkilərinin keçirilməsinin vaxtı çatdığı barədə açıqlaması və yanacağın qiymətinin artmasına görə Kiyevi tənqid etməsi Vaşinqtonun müharibəyə yanaşması ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. ABŞ ilə Avropa İttifaqının Ukrayna siyasətindəki fikir ayrılıqları isə vəziyyətin yaxın perspektivdə daha da mürəkkəbləşə biləcəyini göstərir.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu News365.az-a açıqlamasında beynəlxalq siyasi prosesləri şərh edərək enerji amilinin Ukrayna müharibəsi ətrafındakı qarşıdurmada mühüm rol oynadığını bildirib.


Onun sözlərinə görə, ABŞ dövlət katibi Marko Rubionun nəticə verməyən danışıqlarda iştirak etmək istəmədikləri barədə açıqlaması və Trampın Ukraynaya yönələn tənqidləri Vaşinqtonun mövqeyini anlamaq baxımından diqqət çəkir.

“Bir neçə gün əvvəl Marko Rubionun ‘Biz nəticə verməyən danışıqlarda iştirak etmək istəmirik’ açıqlamasının daha çox Ukraynaya ünvanlandığını Moskva ilə Vaşinqton arasında dizel yanacağının dünya bazarlarına tədarükü ilə bağlı razılaşma da göstərir. Eyni zamanda, Trampın ‘Ukraynanın yeni prezident seçmək vaxtı çatıb’ deməsi və yanacağın qiymətinin artmasına görə Kiyevi günahlandırması ümumi mənzərəni təsəvvür etməyə imkan verir. Proseslər çoxtərəfli xarakter aldığı üçün vəziyyət olduqca mürəkkəbdir”, – deyə siyasi şərhçi bildirib.

Yanacaq qiymətləri siyasi mübarizənin bir hissəsinə çevrilir

Əli Zülfüqaroğlu hesab edir ki, ABŞ-də yanacağın bahalaşması məsələsi müxtəlif beynəlxalq aktorların maraqlarının toqquşduğu istiqamətlərdən birinə çevrilib. Onun fikrincə, Rusiyanın enerji infrastrukturuna hücumlar təkcə Moskvanın hərbi imkanlarına deyil, qlobal enerji bazarına və ABŞ-dəki daxili siyasi proseslərə də təsir göstərir.

“ABŞ-də yanacağın qiymətinin artması məsələsində hazırda Avropa İttifaqı, İran və Ukraynanın maraqlarının müəyyən məqamlarda üst-üstə düşməsi diqqət çəkir. Əvvəllər Tramp Ukraynanın Rusiyanın enerji infrastrukturunu hədəfə almasından narazılığını dolayısı ilə ifadə edirdisə, indi bunu daha açıq şəkildə bildirir.

Avropa İttifaqı Rusiyanın enerji infrastrukturuna daha ciddi zərbələr vurulmasında maraqlıdır. Burada məqsəd yalnız Rusiyanın cəbhə təminatını zəiflətmək deyil. ABŞ-də keçiriləcək aralıq seçkiləri də siyasi hesablamalarda əhəmiyyətli yer tutur. Enerji qiymətlərinin yüksəlməsi Amerika daxilində siyasi mübarizəyə təsir göstərə bilər və bu vəziyyət Tramp administrasiyasının maraqları ilə ziddiyyət yarada bilər.

Avropa İttifaqı ilə Ukraynanın koordinasiya etdiyi yanaşmanın Trampı ciddi şəkildə narazı saldığını düşünürəm. Buna görə də həm Trampın, həm də Rubionun açıqlamalarını Ukraynaya siyasi təzyiq kimi qiymətləndirmək mümkündür”, – deyə o vurğulayıb.

Vaşinqtonla Brüssel arasındakı ziddiyyətlər dərinləşir

Siyasi şərhçinin qənaətinə görə, ABŞ ilə Avropa İttifaqı arasında Ukrayna məsələsinə yanaşmada yaranan fikir ayrılıqları müharibənin nizamlanmasını çətinləşdirir. Tərəflərin fərqli prioritetləri həm diplomatik danışıqlara, həm də gələcək təhlükəsizlik mexanizmlərinin formalaşdırılmasına təsir göstərir.

Ə. Zülfüqaroğlu qeyd edib ki, Vaşinqtonun irəli sürdüyü yeni təkliflərin Moskva tərəfindən birmənalı qarşılanmaması da danışıqlar prosesində əlavə maneələr yaradır. Xüsusilə Ukraynanın təhlükəsizliyinə dair təminatlar məsələsi tərəflər arasında fikir ayrılığının əsas mövzularından biri olaraq qalır.

“ABŞ ilə Avropa İttifaqı arasında getdikcə dərinləşən geosiyasi ziddiyyət Ukrayna məsələsinin nizamlanmasında ciddi problemlər yaradır. Digər tərəfdən, ABŞ-nin yeni təklifləri də Rusiya tərəfindən birmənalı qəbul edilmir. Xüsusilə Ukraynanın təhlükəsizlik təminatları ilə bağlı məsələdə mövqelər arasında ciddi fərqlər var.

Avropa İttifaqı çalışacaq ki, aralıq seçkilərinə qədər qlobal neft qiymətləri yüksək səviyyədə qalsın. Bu baxımdan Yaxın Şərqdəki vəziyyət də Avropanın maraqları ilə müəyyən məqamlarda üst-üstə düşür”, – deyə politoloq bildirib.

İran amili və Hörmüz boğazındakı gərginlik

Əli Zülfüqaroğlu Yaxın Şərqdəki proseslərin də enerji bazarına və böyük dövlətlərin siyasi hesablamalarına təsir etdiyini düşünür. Onun fikrincə, İran ətrafında gərginliyin davam etməsi neft qiymətlərinin dəyişməsinə səbəb ola biləcək amillərdəndir.

Siyasi şərhçi Hörmüz boğazında tankerin vurulması hadisəsini də regiondakı gərginliyin tərkib hissəsi kimi qiymətləndirib. Bununla belə, hadisənin konkret səbəbləri və mümkün iştirakçılarla bağlı iddialar ayrıca təsdiq tələb edir.

“İran da mövcud vəziyyətin yaratdığı imkanlardan maksimum istifadə etməyə çalışacaq. Hörmüz boğazında tankerin vurulması da bu proseslər fonunda diqqət çəkən hadisələrdəndir. Enerji marşrutları ətrafındakı gərginlik qlobal bazara və dövlətlərin siyasi qərarlarına təsir göstərir”, – deyə o qeyd edib.

Siyasi şərhçi hesab edir ki, tərəflərin maraqlarının toqquşması və qarşılıqlı etimadın zəifləməsi yaxın gələcəkdə diplomatik irəliləyiş imkanlarını məhdudlaşdırır.

“Düşünürəm ki, yaxın perspektivdə istər Ukrayna, istərsə də İran istiqamətində ciddi irəliləyiş əldə olunmayacaq”, – deyə Əli Zülfüqaroğlu fikrini yekunlaşdırıb.


Sizin reklam burada
Sizin reklam burada