Almaniya parlamenti 556 milyard avro məbləğində xərcləri və 210,4 milyard avro məbləğində yeni borclanmanı nəzərdə tutan 2027-ci il federal büdcəsini təsdiqləyib.
News365.az xəbər verir ki, Bundestaqın 317 deputatı sənədin lehinə, 260-ı isə əleyhinə səs verib.
Yeni borclanmaların həcmi Almaniya tarixində böyüklüyünə görə ikinci olacaq. 2021-ci ildə, koronavirus pandemiyasının bütün dünyada durğunluğa və iqtisadi itkilərə səbəb olduğu vaxtda federal hökumət rekord həddə – 215,4 milyard avro vəsait cəlb etmişdi.
Gələn il müdafiəyə əsas büdcədən 109,7 milyard avro və Bundesverin xüsusi fondundan 29,6 milyard avro daxil olmaqla, təxminən 139,3 milyard avro yönəldilməsi planlaşdırılır. Ukraynaya dəstək üçün isə daha 11,6 milyard avro nəzərdə tutulub.
Ən böyük xərc maddəsi sosial sahə olaraq qalacaq: Əmək və Sosial Məsələlər Nazirliyinə 203,3 milyard avro ayrılıb.
Paralel olaraq, Almaniyanın federal hökuməti vaxtından əvvəl pensiyaya çıxma şərtlərinin sərtləşdirilməsini, pensiya haqlarının artırılmasını və pensiya yaşının tədricən gözlənilən ömür uzunluğuna bağlanmasını nəzərdə tutan pensiya islahatı layihəsi hazırlayır. Qanun layihəsi hələlik idarələrarası razılaşdırma mərhələsindədir.