Milyonlarla istifadəçinin yazışmaları satış təhlükəsi ilə üz-üzə

Milyonlarla istifadəçinin yazışmaları satış təhlükəsi ilə üz-üzə
19:57

ABŞ-də 42 ştatın baş prokurorundan ibarət ikipartiyalı koalisiya süni intellekt əsaslı çatbot platforması Character.AI-nin aktivlərinin satışına mane olmaq üçün federal müflisləşmə məhkəməsinə müraciət edib. Səbəb milyonlarla istifadəçinin şəxsi yazışmalarının və məxfi məlumatlarının üçüncü tərəflərin əlinə keçə biləcəyi ilə bağlı narahatlıqlardır.

News365.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Kaliforniyanın baş prokuroru Rob Bonta bildirib ki, dekabrın 1-nə planlaşdırılan hərrac zamanı ABŞ-dəki 21 milyondan çox hesabın söhbət tarixçələri və şəxsi məlumatları satışa çıxarıla bilər. Bu hesabların 2,1 milyondan çoxu yetkinlik yaşına çatmayan istifadəçilərə məxsusdur.

Kaliforniya Ədliyyə Departamentinin məlumatına görə, sözügedən məlumatlara şəxsi yazışmalar, IP ünvanları və digər fərdi məlumatlar daxildir. Bəzi yazışmalarda psixi sağlamlıq, özünə zərərvermə və seksual xarakterli həssas mövzular da müzakirə olunub.

Koalisiya hesab edir ki, nəzərdə tutulan satış mexanizmi alıcının mövcud məxfilik siyasətinə əməl etməsinə, istifadəçilərin məlumatların silinməsi ilə bağlı müraciətlərini yerinə yetirməsinə və həmin məlumatları üçüncü tərəflərə ötürməməsinə dair kifayət qədər təminat yaratmır.

Rob Bonta məsələ ilə bağlı açıqlamasında bildirib:

“Bu satış baş tutarsa, Character.AI-nin istifadəçilərə məlumatlarının satılmayacağına dair vədinə baxmayaraq, onların həssas məlumatları başqa bir alıcının əlinə keçəcək”.

Qeyd edək ki, Character.AI platformasının sahibi olan Character Technologies şirkəti oktyabr ayında ABŞ-də müflisləşmə proseduruna başlayıb.

Baş prokurorlar məhkəməyə müraciətlərində federal və ştat səviyyəsində qüvvədə olan məxfilik qanunlarının, o cümlədən uşaqların şəxsi məlumatlarını qoruyan hüquqi normaların müflisləşmə prosesi zamanı da qüvvədə qaldığını vurğulayıblar.

Koalisiya, həmçinin başqa bir alıcının şirkətin aktivlərini əldə etməsi halında ilkin iddiaçıya ödənilməsi nəzərdə tutulan 350 min dollarlıq kompensasiya şərtinin ləğvini istəyib.

Məhkəmə satışa icazə verəcəyi təqdirdə isə baş prokurorlar uşaqlara məxsus yazışmaların və digər həssas məlumatların sövdələşmədən kənarda saxlanılmasını tələb edirlər. Onlar, eyni zamanda, istifadəçilərin məxfiliyini qorumaq üçün hüquqi qüvvəyə malik təminatların tətbiqini vacib hesab edirlər.


Sizin reklam burada
Sizin reklam burada