Təhsil sistemində dəyişən yanaşmalar imtahanların məzmununa və şagirdlərdən gözlənilən bacarıqlara da təsir edir. Artıq yalnız dərsliklərdəki məlumatları yadda saxlamaq və testlərə düzgün cavab vermək kifayət etmir. Analitik düşüncə, müstəqil qərarvermə, fikri əsaslandırmaq və bilikləri praktik situasiyalarda tətbiq etmək bacarıqları da qiymətləndirmənin mühüm istiqamətlərinə çevrilir. Lakin yeni imtahan modeli ilə məktəblərdə tədris olunan proqram arasında uyğunluğun qorunması məsələsi hələ də müzakirə mövzusudur.
News365.az xəbər verir ki, bu barədə təhsil eksperti Elmin Nuri açıqlamasında bildirib.
Ekspertin sözlərinə görə, Dövlət İmtahan Mərkəzinin (DİM) son illərdə tətbiq etdiyi sual formatları əvvəlki imtahan modellərindən ciddi şəkildə fərqlənir. Əvvəllər əsasən qapalı tipli testlərə üstünlük verildiyi halda, hazırda şagirdlərin fərqli düşünmə və biliklərini ifadəetmə qabiliyyətlərini yoxlayan tapşırıqların sayı artır.
Elmin Nuri hesab edir ki, ənənəvi test sistemi şagirdlərin analitik təfəkkürünü, strateji qərarvermə və əlaqələndirmə bacarıqlarını tam üzə çıxarmaq imkanına malik deyildi. Yeni yanaşma isə qiymətləndirməni yalnız fakt və məlumatların yadda saxlanılması çərçivəsindən çıxarmağa xidmət edir.
Ekspert bu dəyişiklikləri dünya təhsilində baş verən yeniliklərlə əlaqələndirib. Onun fikrincə, mərhələli imtahan modelinə keçid, qapalı sualların tədricən azaldılması, açıq tipli və situasiya əsaslı tapşırıqların tətbiqi müasir təhsilin tələblərinə uyğunlaşma prosesidir. Xarici dil imtahanlarında dinləmə, danışıq və esse yazmaq bacarıqlarının qiymətləndirilməsi də bu istiqamətdə atılan addımlardandır.
İmtahan sualları məktəb proqramını kölgədə qoymamalıdır
Elmin Nuri təhsil sistemində diqqət yetirilməli əsas məsələlərdən birinin məktəb proqramı ilə qəbul imtahanlarının tələbləri arasında uyğunluğun təmin edilməsi olduğunu vurğulayıb.
O bildirib ki, şagirdlərin mənimsəməli olduğu vahid tədris proqramı mövcuddur və DİM-in hazırladığı tapşırıqlar da həmin proqramın məzmun standartlarına, kurikulum tələblərinə uyğun olmalıdır. Lakin qiymətləndirmə suallarının hazırlanması zamanı bu uyğunluğun necə qorunması xüsusi əhəmiyyət daşıyır.
Ekspertin qənaətinə görə, məktəblərin fəaliyyətini yalnız qəbul imtahanlarının tələblərinə uyğunlaşdırmaq düzgün yanaşma deyil. Tədris prosesi imtahan suallarının diktəsi ilə qurulmamalı, məktəbin əsas vəzifəsi şagirdə hərtərəfli bilik və bacarıqlar qazandırmaq olmalıdır.
Elmin Nuri hesab edir ki, məktəb proqramı ilə imtahan modeli arasında sağlam tarazlığın yaradılması şagird, müəllim və valideynlərin maraqlarına uyğundur. Bu uyğunluq təmin edilmədikdə isə yaranan boşluqlardan daha çox repetitorluq fəaliyyəti faydalanır.
SAT, IELTS və TOEFL nəticələri qəbulda nəzərə alınmalıdırmı?
Təhsil eksperti beynəlxalq qiymətləndirmə sistemlərinin nəticələrinin Azərbaycanın ali təhsil müəssisələrinə qəbul prosesində tanınması məsələsinə də münasibət bildirib.
Elmin Nuri SAT, IELTS və TOEFL kimi beynəlxalq imtahanların nəticələrinin yerli universitetlərə qəbul zamanı nəzərə alınmasını məqsədəuyğun hesab edir. Onun fikrincə, bu məsələyə yanaşma ali təhsil müəssisələrinin səviyyəsi və qəbul imkanları nəzərə alınmaqla formalaşdırılmalıdır.