“Hər ağrının danışılmağa ehtiyacı yoxdur” – Susqunluğun arxasındakı etiraf

“Hər ağrının danışılmağa ehtiyacı yoxdur” – Susqunluğun arxasındakı etiraf
15:46

Jurnalist Azər Rəşidoğlu sosial şəbəkədə insan həyatının mənası, ağrı, ölüm və insanın daxili dünyası barədə fəlsəfi fikirlərini bölüşüb. Onun paylaşımında həyatın başlanğıcı və sonu, insanın varoluş axtarışları, eləcə də şəxsi ağrıların başqaları ilə bölüşülməsi mövzularına toxunulub.

News365.az xəbər verir ki, jurnalist insanın əsrlər boyu üç əsas sualın cavabını axtardığını vurğulayıb: “Niyə varam? Haradayam? Hara gedirəm?”

Azər Rəşidoğlu qeyd edib ki, ateist, aqnostik, deist və inanclı insanlar fərqli yollarla bu suallara cavab tapmağa çalışsalar da, insanın ən böyük müəmması elə özüdür.

O, həyatın başlanğıcı ilə sonu arasındakı məsafəni insan ömrünün əsas mahiyyəti kimi dəyərləndirib, dünya həyatının dərviş düşüncəsində bir zindan kimi təsvir olunduğunu xatırladıb.

Jurnalist paylaşımında şəxsi ağrı və iztirablara da toxunaraq bildirib ki, bəzən insanların yaşadıqlarını anlayır və bu hisslər ona yad deyil. Bununla belə, hər kəsin öz ağrısını başqasının çiyninə yükləməməli olduğunu düşünür.

“Ölüm də düşündüyümüz qədər qorxulu bir nəsnə deyil. Ən azı, ondan qorxmaqla onun qarşısını ala bilmirik”, – deyə o yazıb.

Azər Rəşidoğlu mövzu barədə daha geniş danışmaq istəmədiyini də diqqətə çatdırıb. Bunun səbəblərindən birinin paylaşımına yazılan “Allah şəfa versin” diləklərinin qarşısını ala bilməməsi olduğunu bildirib.

Jurnalistin paylaşımında diqqət çəkən fikirlərdən biri isə insanın susqunluğuna dair olub:

“Bəzən insanın susmağı da bir etirafdır. Hər ağrının danışılmağa, hər yaranın göstərilməyə ehtiyacı yoxdur”.

O, fikirlərini insanın həyat yoluna davam etməsi barədə düşüncələrlə tamamlayıb: “Adəm oğlu nə gələnə təəccüb edir, nə gedəndən gileylənir. Sadəcə yoluna davam edir...”


Sizin reklam burada
Sizin reklam burada