Rusiya qoşunları qondarma "Donetsk Xalq Respublikası"nın (DXR) Nadejdinka və Novosyolka yaşayış məntəqələrinə nəzarəti ələ keçirib. Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Nazirliyin yaydığı məlumata görə, "Çentr" qoşun qrupunun bölmələri Ukrayna Silahlı Qüvvələrinin (VSU) müdafiəsinin dərinliyinə doğru irəliləyərkən yaşayış məntəqələri nəzarətə götürülüb. Döyüşlər zamanı Ukrayna Silahlı Qüvvələrinin beş mexanikləşdirilmiş, iki gözətçi, aviasiya, iki motoatıcı və hücum briqadasının, habelə Ukrayna Milli Qvardiyasının iki ərazi müdafiə briqadasının mövqelərinə zərbələr endirilib.
Xatırladaq ki, bu gün rus qoşunlarının Ukraynanın Zaporojye vilayətinin qərb hissəsindəki Pyatixatki kəndinə daxil olması barədə məlumat yayılıb. Bundan başqa, Rusiya mediası hərbi bölmələrin Çasov Yar şəhərinin Severnı mikrorayonunu da nəzarətə götürməsi barədə məlumat yaymışdı.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural