“Mərkəzi Asiya ölkələri ilə münasibətlər Azərbaycanın xarici siyasətinin prioritetlərindən biridir”.
News365.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Qırğızıstanın Çolpon-Ata şəhərində Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü zamanı çıxış edərkən bildirib.
“Sadəcə qarşılıqlı səfərlərin dinamikasını söyləmək kifayət edər. Mən 2023-cü ilin əvvəlindən bu günə qədər Mərkəzi Asiyanın qardaş ölkələrinə ümumilikdə 16 dəfə səfər etmişəm, həmin ölkələrdən həmkarlarım isə 26 dəfə Azərbaycanda səfərdə olublar. Yəni statistika münasibətlərin dinamikası və yaxınlığından daha yaxşı xəbər verir, həm də göstərir ki, bu gün Mərkəzi Asiya və Azərbaycan artıq vahid geosiyasi və geoiqtisadi məkana çevrilib.
Həmçinin qeyd etmək istərdim ki, mən bu formatın tamhüquqlu üzvü qismində məşvərət görüşündə ilk dəfədir iştirak edirəm. Mərkəzi Asiyanın bütün dövlət başçılarına Azərbaycanın bu qrupun tamformatlı tərkibinə daxil edilməsinə dair keçən il Özbəkistanda qəbul edilmiş tarixi qərara görə bir daha minnətdarlığımı bildirmək istərdim. Bu görüşə qədər mən fəxri qonaq qismində qatılırdım, indi isə komandanın tamhüquqlu üzvü kimi iştirak edirəm.
Bütün həmkarlarıma bir daha təşəkkürümü bildirirəm. Sizi əmin etmək istəyirəm ki, Azərbaycan məşvərət formatının fəal üzvü olacaq və öz tərəfindən əməkdaşlığı daha da inkişaf etdirmək, ölkələrimizi və xalqlarımızı daha sıx yaxınlaşdırmaq üçün bütün səylərini göstərəcək”, - deyə Prezident qeyd edib.