Son günlər Türkiyənin atdığı və ya atmaq niyyətində olduğu bir sıra addımlar Rusiyada qıcıq yaratmağa başlayıb.
NATO-nun Ankara Sammiti və sammitdə verilən bəyanatlar Kremldə ciddi narahatlıq doğurub.
News365.az xəbər verir ki, Kremlə bağlı təbliğat vasitələri sammit çərçivəsində xüsusən də Türkiyənin mövqeyində baş verən dəyişiklikləri qabartmağa başlayıblar.
Rusiya mətbuatı bildirir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilk dəfə olaraq Amerikanın Ukraynaya silah alışının maliyyələşdirildiyi NATO mexanizmi olan PURL təşəbbüsünə dəstəyini ifadə edib.
Ərdoğan Ankarada keçirilən NATO Sammitində çıxışı zamanı bildirib ki, Ukraynanın prioritet ehtiyaclarının siyahısını tərtib etmək təşəbbüsünü dəstəkləyir:
Başqa bir tərəfdən, Türkiyənin Rusiyadan aldığı S-400-ləri BƏƏ və Qətərə satması barədə yayılan məlumatlar da Moskvanı qıcıqlandırıb. Məsələyə münasibət bildirən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov olayı çox həssas məsələ kimi dəyərləndirib.
Qeyd edək ki, “Hürriyət” qəzetinin köşə yazarı Abdulqadir Səlvi Türkiyənin S-400-ləri üçüncü ölkəyə satdığını qeyd edib. Onun fikrincə, bu ölkənin Birləşmiş Ərəb Əmirlikləri və ya Qətər ola biləcəyi iddia edilir.
Politoloq Əlimusa İbrahimov bildirib ki, Türkiyə S-400-dən əl çəkə bilər:
“Türkiyə ilə ABŞ arasında bu günlərdə gedən yaxınlaşma prosesi, qardaş ölkənin Vaşinqtondan əvvəllər qadağa qoyulan bəzi silahları almaq məsələsi dünyanın diqqət mərkəzindədir. Trampın Ankara səfəri zamanı bu barədə müəyyən razılıq əldə olunub. Amma bu razılıq heç də F-35 təyyarələrinin Türkiyəyə verilməsinin həll olunması anlamına gəlmir. Hələlik bu məsələ cidi maneələrlə qarşı-qarşıyadır. Bu maneə isə Türkiyənin Rusiyadan aldığı S-400 raketləridir. Ankara məsələni elə həll etmək istəyir ki, Moskva incik düşməsin, Vaşinqton da F-35-i satmağa razılıq versin”.
Ekspert əmindir ki, Türkiyə S-400-dən imtina etsə, Rusiya birmənalı şəkildə Ankaradan inciyəcək. Amma buna baxmayaraq, Türkiyə yenə də özü üçün lazım olan ən yaxşı variantı seçəcək:
“Türkiyənin S-400-lərlə bağlı müştəri tapdığı barədə də bəyanatlar var. Səudiyyə, BƏƏ, Qətərin adı çəkilir. Türkiyə üçün daha bir dilemma isə S-400-dən imtina edəcəyi təqdirdə, Amerikanın F-35 təyyarələrini ona satacağına da yüz faizlik zəmanət yoxdur. Ankara Amerikadan birmənalı olaraq zəmanət alacağı təqdirdə, buna gedəcək. Həmçinin, proses elə bir şəkildə həyata keçməlidir ki, Rusiya da ciddi şəkildə incik düşməsin. Düşünürəm ki, Türkiyə hökuməti prosesə lazım olan səviyyədə hazırdır və qarşıda duran problemi həll etməyə qadirdir. Türkiyə Rusiya ilə münasibətin soyumasına səbəb olsa da, özü üçün ən yaxşı variantı seçəcək”./// bakupost