Cəmiyyətdə özəl pensiya fondlarının yaradılması ilə bağlı müzakirələr fonunda ən çox müzakirə edilən mövzulardan biri də “belə fondlar fəaliyyətə başlasa, vətəndaşlar istənilən vaxt pensiyaya çıxa biləcəkmi?” sualı ilə bağlıdır. Maraqlıdır, cəmiyyətdə “özəl pensiya fondları olacaqsa, istənilən vaxt təqaüdə çıxmaq mümkünləşə bilərmi?
Mövzu ilə bağlı iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib ki, özəl pensiya fondlarının fəaliyyət mexanizmi tam olaraq imzalanan müqavilə şərtlərinə əsaslanır.
Ekspertin sözlərinə görə, belə fondlarda vətəndaşla fond arasında elə razılaşma və sənədləşmə ola bilər ki, şəxs istədiyi vaxt pensiya ödənişini almağa başlasın:
“Özəl pensiya fondu mahiyyət etibarı ilə bağlanmış müqavilədən və onun şərtlərindən asılıdır. Əlbəttə ki, özəl pensiya fondlarının şərtləri elə ola bilər ki, insan istənilən vaxt pensiyaya çıxar. Amma bu, hazırda gördüyümüz dövlət pensiya fondu deyil. Bu tamam fərqli bir mexanizmdir və bunu nəzərə almaq lazımdır,” – deyə Əmirov qeyd edib.
Qeyd edək ki, hazırkı dövlət pensiya sistemi qanunvericiliklə tənzimlənir və pensiyaya çıxma yaşında dəyişiklik yalnız normativ hüquqi aktlarla mümkündür. Özəl pensiya fondları isə fərdi müqavilə əsasında işləyəcəyindən şərtlər daha elastik ola bilər.
KONKRET.az