Paşinyanın kilsə ilə bağlı iddiaları Ermənistanda yeni gərginlik yaradıb

Paşinyanın kilsə ilə bağlı iddiaları Ermənistanda yeni gərginlik yaradıb
13:34

Ermənistan siyasətində kilsə ilə hökumət arasında gərginlik daha da dərinləşir. Baş nazir Nikol Paşinyanın son açıqlamaları kilsə rəhbərliyinin fəaliyyəti ilə bağlı ciddi suallar yaradıb və ölkədə yeni müzakirə dalğasına səbəb olub. O, kilsənin xarici dairələrin təsiri altında idarə olunduğunu iddia edərək, mövcud rəhbərliyin Ermənistanın deyil, başqa dövlətlərin maraqlarına xidmət etdiyini bildirir. Bu ittihamlar fonunda ekspertlər məsələnin həm siyasi, həm də mənəvi tərəflərə malik olduğunu vurğulayırlar.

Politoloq Əli Mustafa News365.az-a açıqlamasında bildirib ki, Ermənistan Apostol Kilsəsi ilə bağlı səsləndirilən son ittihamlar Paşinyanın mövqeyini müəyyən qədər haqlı göstərir.


Onun sözlərinə görə, Paşinyanın toxunduğu əsas məqam kilsənin müstəqil deyil, xarici təsir altında fəaliyyət göstərməsi ilə bağlıdır:

“Paşinyan iddia edir ki, ikinci Qaraginin qardaşı Təkibi həmin strukturlarla əməkdaşlıq edir və agent kimi fəaliyyət göstərir. Hətta kilsəyə Rusiyadan gələn tapşırıqların yüksək rütbəli şəxslər – baş leytenant və ya generallar vasitəsilə ötürüldüyü bildirilir. Bu isə o deməkdir ki, kilsə Ermənistanın deyil, başqa bir dövlətin maraqlarına uyğun hərəkət edir”, – deyə politoloq vurğulayıb.

Ekspert qeyd edib ki, belə ittihamlardan sonra Qaraginin və onun tərəfdarlarının etirazları ictimaiyyət tərəfindən ciddi qarşılanmır:

“Paşinyan kilsənin Ermənistan cəmiyyəti üzərində böyük təsirə malik olduğunu anlayır və bu təsirin xarici qüvvələrin maraqlarına xidmət etməsini təhlükə hesab edir. O, kilsənin erməni toplumunun mənəvi dayağı kimi müstəqil fəaliyyət göstərməsini istəyir.”

Əli Mustafa hesab edir ki, Qaraginin başqa dövlətlərin maraqlarına xidmət etməsi ilə bağlı ittihamlar Paşinyanın mövqeyini gücləndirir:

“Zaman keçdikcə Paşinyanın bu arqumentləri cəmiyyətdə daha çox qəbul olunacaq. O, insanları kilsədə dəyişikliklərin vacibliyinə inandırmağa çalışır. İkinci Qaragin vəzifədən gedəndən sonra hökumətlə münasibətlərin dəyişməsi də istisna deyil.”

Politoloq əlavə edib ki, proseslər Ermənistanda dini təsirin siyasi alətə çevrilməsinin qarşısını almaq məqsədi daşıyır və hakimiyyət kilsənin yenilənməsini qaçılmaz hesab edir.


Sizin reklam burada
Sizin reklam burada