ABŞ-Rusiya görüşündən nəticə çıxmadı: Ukraynaya yeni təzyiqlər iddiası

ABŞ-Rusiya görüşündən nəticə çıxmadı: Ukraynaya yeni təzyiqlər iddiası
14:13

ABŞ–Rusiya–Ukrayna üçbucağında sülh danışıqları yenidən dalana dirənib. Regionda gərginliyin azaldılmasına ümid yaradan son görüşlərdən sonra tərəflərin mövqelərinin hələ də bir-birinə yaxınlaşmadığı ortaya çıxıb. Diplomatik jestlər və yumşaq bəyanatlara baxmayaraq, masaya qoyulan təkliflərdən heç biri qarşı tərəf üçün qəbuledilən sayılmayıb. ABŞ və Rusiya arasında gedən gizli və açıq danışıqların fonunda Ukraynaya təzyiqin artdığı müşahidə olunur və prosesin gələcəyi barədə optimist proqnoz vermək çətindir.

Politoloq Şahin Cəfərli News365.az-a açıqlamasında ABŞ, Rusiya və Ukrayna arasında aparılan son danışıqların nəticəsiz qaldığını bildirib.

Onun sözlərinə görə, hələlik tərəflər arasında “ciddi bir irəliləyişdən” danışmaq mümkün deyil.


Şahin Cəfərli qeyd edib ki, ABŞ nümayəndə heyətinin Rusiyaya səfəri zamanı təqdim olunan sənədlər Moskva tərəfindən qəbul edilməyib:

“Amerikanın Cenevrə və Mayamidə Ukrayna ilə apardığı danışıqların nəticəsində müəyyən əlavələr və dəyişikliklər hazırlanaraq Rusiyaya təqdim olundu. Lakin görünən odur ki, Putin bunları qəbul etmədi. Hətta Putinin köməkçisi Uşakov ilk açıqlamasında kompromiss əldə olunmadığını bildirdi.”

Politoloqun sözlərinə görə, rəsmi Moskva əvvəlcə danışıqları səmərəsiz hesab etsə də, daha sonra prosesi davam etdirmək görüntüsü yaradıb. ABŞ tərəfi isə görüşlərin “müsbət atmosferdə keçdiyini” bəyan edib və Donald Tramp öz diplomatiyasının uğurla irəlilədiyini iddia edir.

Lakin Şahin Cəfərli bildirir ki, real vəziyyət optimist deyil:

“Tərəflərin mövqeləri bir-birindən çox uzaqdır. Dünən Mayamidə keçirilən ABŞ–Ukrayna görüşündə də böyük ehtimalla Rusiya tərəfinin iradları və təklifləri Kiyevə çatdırılıb. Tramp administrasiyası düşünür ki, burada daha zəif tərəf Ukraynadır və ondan yeni güzəştlər tələb olunur.”

Politoloqa görə, hazırkı mənzərə yaxın perspektivdə sülh razılaşmasının əldə olunacağına əsas vermir:

“Putinin açıqlamalarına diqqət etsək, görərik ki, Rusiya hələ də təslimçi şərtlərdə israr edir. Bu isə Ukrayna üçün qəbulolunmazdır. Ona görə də danışıqların yaxın zamanda nəticə verəcəyi inandırıcı görünmür.”


Sizin reklam burada
Sizin reklam burada