Tramp administrasiyasının son addımı nəyi göstərdi? - TƏHLİL
Təhlil
14 Apr 2025 09:13
2025-ci ilin aprelində ABŞ Prezidenti Donald Trampın Çindən idxal olunan məhsullara tətbiq etdiyi 145%-lik gömrük rüsumu qərarı böyük rezonans doğurdu. Lakin ötən gün elektronika sektorunda əsas məhsullara – ağıllı telefonlara, kompüterlərə, yarımkeçiricilərə və onların komponentlərinin idxalına istisna tətbiq edildi.Bu qərarı əslində, Amerikanın xarici bazarlardan, xüsusilə Çin texnologiya zəncirindən nə qədər dərin asılı olduğunu ortaya qoymuş oldu.
Apple, Microsoft və digər texnologiya nəhəngləri Amerika brendi olsa da, onların əsas istehsal və montaj mərhələləri Çin ərazisində – xüsusən Foxconn kimi zavodlarda həyata keçirilir. Misal üçen, Apple məhsullarının 80%-dən çoxu Çində istehsal olunur. Bu o deməkdir ki, ABŞ texnologiya məhsullarının tədarükündə Çindən əhəmiyyətli dərəcədə asılıdır.
Yarımkeçirici sektorunda da vəziyyət fərqli deyil. ABŞ texnologiya şirkətləri marka olaraq fünyada lider olsa da (məsələn, NVIDIA, AMD), istehsalın böyük hissəsi Tayvan və Cənubi Koreya kimi Asiya ölkələrində, xüsusən də cəmlənib.Bu da ABŞ-ın yalnız Çindən deyil, ümumilikdə Asiya təchizat zəncirindən ciddi asılı olduğunu göstərir.
Trampın tətbiq etdiyi yüksək rüsumlar texnologiya sektoruna, xüsusən Apple, Intel, HP və digər böyük istehsalçılara birbaşa zərbə vurur. Bunun nəticəsində Apple-ın bazar dəyəri bir neçə gün içində azaldı. Bu itkini nəzərə alan texnoloji şirkətlər görünür Ağ Evə ciddi təzyiq göstərərək tarif siyasətinin korreksiya edilməsinə nail oldular. Bu fakt, ABŞ texnologiya sektorunun dövlətin proteksionist iqtisadi siyasətinə qarşı çıxmaq gücünə və təsir mexanizminə malik olduğunu da sübut edir.
ABŞ hökuməti son illərdə yarımkeçirici istehsalını ölkə daxilinə çəkmək üçün təşəbbüslər irəli sürsə də, bu proses zaman və yüksək investisiya tələb edir. Elektronika sahəsində daxili istehsal imkanlarının genişlənməsi üçün texnoloji baza, kadr potensialı və logistik infrastrukturun formalaşması illərlə vaxt aparacaq. Bu müddətdə ABŞ Çinlə iqtisadi qarşıdurmaya girərkən, eyni zamanda ondan ciddi şəkildə asılı qalmağa davam edəcək.
Bu ziddiyyətli vəziyyət Vaşinqton üçün həm iqtisadi, həm də milli təhlükəsizlik baxımından mürəkkəb bir dilemma yaradır: bir tərəfdən “Çin riskinə” qarşı mübarizə, digər tərəfdən isə istehlak bazarını qiymət şoklarından qorumaq zərurəti.
Tramp administrasiyasının son istisna qərarı bu ikili reallığın açıq göstəricisidir.
Nəticə olaraq, ABŞ- ın elektronika sektoru üzrə xarici bazarlardan, xüsusən də Çin istehsal ekosistemindən ciddi və sistemli şəkildə asılı olduğu aydındır.
Tarif siyasətində atılan addım iqtisadi reallıqlarla toqquşur. Bəzən siyasi məqsədlər iqtisadi imkankar nəzərə alınmadan atılanda tarazlıq ciddi şəkildə pozulur. Tramp administrasiyasının geri addımı da məhz bu tarazlığın hələ tam qurulmadığını göstərir.