Ramiz Mehdiyev AMEA-dan xaric edilir?

Ramiz Mehdiyev AMEA-dan xaric edilir?
20:05

Ramiz Mehdiyev AMEA həqiqi üzvlüyündən xaric edilməlidir.

News365.az xəbər verir ki, bunu sabiq deputat Etibar Əliyev sosial şəbəkə hesabında qeyd edib.

O bildirib ki, AMEA Nizamnaməsinin 6, 7, 15, 21 və 25-ci maddələri danışmaq istəyir.

Etibar Əliyev xatırladıb ki, Akademik Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur. Onun barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Sabiq deputat 2005-ci ildə həbs olunmuş sabiq səhiyyə naziri Əli İnsanovun 2007-ci ildə AMEA həqiqi üzvlüyündən xaric edilməsini xatırladıb:

"Akademik adının alınması praktikası varmı?

Bəli var. 2007-ci ilin may ayının 4-də keçirilmiş Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağında Əli İnsanovun AMEA həqiqi üzvlüyündən xaric edilməsi məsələsi müzakirə olunmuşdur.

Tədbirdə 60 həqiqi üzvdən 52-si, 95 müxbir üzvdən 71-i iştirak edib.

İclasda AMEA-nın Biologiya elmləri bölməsinin akademik-katibi akademik Əhliman Əmiraslanov bildirib ki, gizli səsvermə nəticəsində bölmənin 13 akademiki iştirak etmiş və onlar yekdilliklə Əli İnsanovun AMEA sıralarından xaric olunmasına səs vermişlər. “Beləliklə, bölmənin yığıncağı AMEA Nizamnaməsinin 6, 7, 15, 21 və 25-ci maddələri nəzərə alaraq, Əli İnsanovun AMEA-nın həqiqi üzvlüyündən xaric edilməsi haqqında qərar çıxarmışdır”.

Qərara münasibət göstərən akademiklər:

Akademik Fuad Qasımzadə: “Məsələnin etik cəhətinə gəldikdə, çox xəcalət çəkməli bir vəziyyət yaranıb. Akademik də cinayət törədərmi?! Ona nə qədər böyük etimad göstərilmişdi. Mən ikiqat xəcalət çəkirəm ki, etika da pozulub, fəlsəfə də, həkimlik də. Xəcalət çəkirəm ki, akademiyanın həqiqi üzvü belə cinayət törədib. Biologiya bölməsi çox düzgün qərar çıxarıb. Belə adamı sıralarımızda saxlaya bilmərik".

Akademik Böyükkişi Ağayev: “Artıq məhkəmənin təqdimatı biologiya bölməsində müzakirə olunub və Əli İnsanovun akademiyanın üzvlüyündən xaric edilməsi lehinə yekdilliklə səs verilib. Akademiya Azərbaycan elminin zirvəsində duran bir qurumdur. Layiq olmayan şəxs onun sıralarında qala bilməz. Mən biologiya bölməsinin qərarı ilə razıyam. Bu şəxsin akademik adı daşımağa mənəvi haqqı yoxdur”.

Akademik Vaqif Fərzəliyev: “Bu hal akademiyanın tarixində fövqəladə hadisədir. Hamımız tələbə olanda akademiklərə ilahi qüvvə kimi baxırdıq. Bölməmizin üzvləri bu məsələyə öz münasibətlərini bildiriblər. Mən bu yaşa çatmışam, amma eşitməmişəm ki, akademik müttəhim kürsüsündə otursun, onun cinayət işinə baxsınlar. Bölməmizin adından deyirəm ki, məsələ obyektiv və düzgün qoyulub, biz Əli İnsanovun sıralarımızdan xaric edilməsinə səs verəcəyik”.

Akademik Bəkir Nəbiyev: “Təkcə məhkəmənin bir günü ərzində üzə çıxarılan cinayətlər belə onu həbs etməyə əsas verirdi. Əslində bir gündə onun üzünə nə qədər şahid dururdu?! Onların bircəciyinin ifadəsi onu ağır cəzaya məhkum etmək üçün kifayət idi. Mən məhkəmənin təqdimatına biologiya bölməsinin münasibətini bəyənirəm. Biz bu qərara mütləq səs verməliyik”.

Akademik Budaq Budaqov: Neylirəm qızıl teşti ki, içinə qan qusam. Qızıl teşt dalınca qaçanların hamısının aqibəti məhz belə olur. “Akademik” adını həbsxanadan xilas etməliyik. “Akademik” sözü həbsxanada işlənməməlidir. Bu müqəddəs sözlərin təmizliyini qorumalıyıq. Vaxtilə Əli İnsanov haqqında yaxşı fikirdə olmuşam. İndi dəhşətə gəlirəm, bu insan daxilini necə məharətlə gizlədirmiş! O, arxada qalan körpüləri yandıra-yandıra gedirdi. Qəflətən öz dəst-xətti ilə dövlət başçısına məktub ünvanlayıb bağışlanmasını xahiş etdi. Belə də simasızlıq olarmı?! Mən də biologiya bölməsinin qərarı ilə tamamilə razıyam”.

Akademik Nailə Vəlixanlı: “Azərbaycanlı olasan, xalqının taleyüklü problemi sənə həvalə oluna, sən isə belə namərdlik edəsən! Babalarının məzarı Qərbi Azərbaycanda mənfur düşmənin tapdağı altında ola, sən onların ruhuna naxələf çıxasan! Minlərlə yurddaşın malını, canını itirsin, qış-yay ilanmələyən düzlərdə çadırlarda can çürütsün, sən isə topdağıtmaz mülklərinin, insanların canı bahasına, qanı bahasına topladığın varidatının qədərini bilməyəsən! Bəlkə belə “alimlərin” elmi adlar, rütbələr almasında özümüzün də günahımız var? Bəlkə biz zahiri effektə aldanmışıq? Görünür qlobal dəyişikliklər baş verən bu dövrdə həllolunası vacib problemlərin arasında bu məsələləri də unutmamalı, çətinlikləri dəf etməliyik”. Ona görə də mən Əli İnsanovun akademik rütbəsi daşımasının əleyhinəyəm. Mən hətta onun alimliyinə də şübhə edirəm”.

Hesablama komissiyasının sədri akademik Vasim Məmmədəliyev səsvermənin nəticələrini elan edib: akademiklərin 56 nəfəri Əli İnsanovun AMEA üzvlüyündən xaric edilməsinin lehinə, 1 nəfər isə əleyhinə səs vermişdir.

Beləliklə, Əli Binnət oğlu İnsanov AMEA-nın həqiqi üzvlüyündən xaric edildi.

Analoji iclası Ramiz Mehdiyev üçün də keçirmək mümkündür".


Sizin reklam burada
Sizin reklam burada