Rusiya növbəti dəfə nüvə texnologiyaları ilə təchiz edilən yeni silahı sınaqdan keçirib.
News365.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin sınaqların gedişini izləyib
Putin qeyd edib ki, ölkə “məhdudiyyətsiz uçuş məsafəsinə” malik “Burevestnik” adlı qanadlı raketi uğurla sınaqdan keçib.
Kremlin yaydığı məlumata görə, Putin bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və digər hərbi komandanlarla keçirilən iclasda danışıb. O bildirib ki, bu həftə Rusiya strateji hücum qüvvələrinin məşqi çərçivəsində “strateji nüvə qüvvələrinin bütün üç komponenti” üzrə təlim- döyüş buraxılışları həyata keçirilib və yeni silah nümunələri sınaqdan keçib.
Gerasimovun sözlərinə görə, 21 oktyabrda keçirilən sınaqda “Burevestnik” raketi təxminən 14 min kilometr məsafə qət edib və 15 saata yaxın havada qalıb. O qeyd edib ki, raketin texniki xüsusiyyətləri onun “dünyanın istənilən nöqtəsində yüksək qorunan hədəflərə dəqiqliklə zərbə endirməsinə” imkan verir.
Putin isə vurğulayıb ki, bu raket “dünyada analoqu olmayan unikal silahdır”. Onun sözlərinə görə, artıq bu silahın yerləşdirilməsi üçün müvafiq infrastrukturun hazırlanması başlanmalıdır:
“Bu, bənzəri olmayan məhsuldur. Onun tətbiq variantlarını müəyyənləşdirmək və Silahlı Qüvvələrdə yerləşdirməyə hazırlaşmaq lazımdır. Rusiya nüvə qüvvələri hazırda dünyanın ən yüksək səviyyəsindədir.”
“Burevestnik” barədə ilk dəfə Putin 2018-ci ilin martında Federal Məclisə müraciətində danışıb. O zaman Putin bildirmişdi ki, raketin uçuş məsafəsi məhdud deyil və trayektoriyası “proqnozlaşdırıla bilməyəndir”.
Ekspertlər isə deyir ki, Rusiyanın nüvə sınağı Ukraynaya ağır və uzunmənzilli silahların verilməsi fonunda keçirilir və Putin bu sınaqla Qərbə xəbərdarlıq edir.