TikTok üzərindən “sosial ev” dələduzluğu iddiası: vətəndaşların pulları mənimsənilib- VİDEOFAKT

TikTok üzərindən “sosial ev” dələduzluğu iddiası: vətəndaşların pulları mənimsənilib- VİDEOFAKT
19 May 2026 16:12

Sosial şəbəkələrdə yeni dələduzluq iddiaları gündəmə gəlib. Bildirilir ki, bir şəxs TikTok platformasında sosial evlərlə bağlı paylaşımların altında “ev düzəldirəm” adı ilə şərhlər yazaraq vətəndaşları aldadır.

News365.az xəbər verir ki, iddialara görə, həmin şəxs müxtəlif insanlara özünü fərqli adlarla təqdim edir. Bəzi hallarda adının Şahin, digər hallarda isə Kənan olduğunu bildirdiyi qeyd olunur.

Məlumata əsasən, 070 645 72 92 və 070 493 53 03 nömrələr vasitəsilə insanlarla əlaqə saxlayan şəxs “sosial ev düzəltmək” vədi ilə vətəndaşlardan müxtəlif məbləğlərdə pul alaraq onları mənimsəyib. Zərərçəkənlərin sözlərinə görə, bəzi hallarda 1500 manatdan 3000 manata qədər vəsait tələb olunub. Ümumi 25 min manat məbləğ mənimsədiyi də iddia olunur. 

Mövzu ilə bağlı yazışmaların və digər sübutların olduğu bildirilir. Zərərçəkənlər aidiyyəti qurumların məsələyə müdaxilə etməsini istəyirlər.

Vətəndaşlara sosial şəbəkələrdə edilən şübhəli təkliflərə qarşı diqqətli olmaq, rəsmi təsdiqi olmayan şəxslərə pul göndərməmək tövsiyə olunur.

News365.az videonu təqdim edir:

Məsələ ilə bağlı News365.az hüquqşunas Fərhad Mehdiyevin fikirlərini öyrənib. 

Fərhad Mehdiyev qeyd edib ki, məsələdə bir neçə fərqli cinayət tərkibi yarana bilər və hüquqi qiymətləndirmə hadisənin detalları əsasında müəyyənləşdirilməlidir:


"Əgər şəxsin əvvəldən insanları aldatmaq niyyəti olubsa və bu məqsədlə pul alınıbsa, həmin halda dələduzluq əlamətləri ortaya çıxır. Əgər sonradan götürülən vəsait geri qaytarılmırsa, bu da ayrıca hüquqi məsuliyyət yarada bilər. Məsələ ilə bağlı nüfuz alveri ehtimalı da istisna edilmir."

Onun sözlərinə görə, əgər şəxs hansısa vəzifəli və ya əlaqəli şəxslər vasitəsilə sosial ev məsələsini həll edə biləcəyini deyərək pul alıbsa, bu artıq nüfuz alveri kimi qiymətləndirilə bilər.

Hüquqşünas əlavə edib ki, əgər həmin şəxsin heç bir real əlaqəsi olmayıb və sadəcə yalan vədlərlə vətəndaşlardan pul toplayıbsa, bu halda əsasən dələduzluq cinayətindən söhbət gedə bilər.


Sizin reklam burada
Sizin reklam burada