Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə (AQUPDK) cari ilin ilk yarısında məişət zorakılığı ilə bağlı ümumilikdə 292 rəsmi müraciət daxil olub.
News365.az-ın məlumatına görə, bu barədə Komitənin Hüquqi təminat şöbəsinin əməkdaşı İradə Məmmədova mediaya açıqlamasında bildirib.
Statistikaya əsasən, şikayət edənlərin böyük əksəriyyətini qadınlar təşkil edir. Müraciətlərin 230-u qadınlar, 15-i birbaşa uşaqlar, 47-si isə kişilər tərəfindən daxil olub.
Qurum rəsmisi kişilərin müraciət səbəblərinə də aydınlıq gətirib. Məlum olub ki, güclü cinsin nümayəndələri daha çox övladlarının reabilitasiyası, uşaq tələbi, keçmiş həyat yoldaşları tərəfindən uşaqlara qarşı edilən basqılar, həmçinin psixoloji və iqtisadi təzyiqlərlə bağlı komitəyə üz tutublar.
Müraciətlər zorakılıq növlərinə görə bu şəkildə qruplaşdırılıb:
Fiziki zorakılıq: 197 fakt
Psixi (mənəvi) zorakılıq: 62 fakt
İqtisadi zorakılıq: 27 fakt
Cinsi zorakılıq: 6 fakt