“Tərəflər növbəti fürsəti gözləyir” - Diqqətçəkən açıqlama

“Tərəflər növbəti fürsəti gözləyir” - Diqqətçəkən açıqlama
15:17

İranın keçirdiyi dəfn mərasimi regionda təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirib.

Ekspertlər hesab edirlər ki, hazırda tərəflər arasında həssas atəşkəs mövcud olsa da, bölgədə gərginlik tam aradan qalxmayıb və yeni qarşıdurma ehtimalı qalır.

Deputat Tural Gəncəliyev News365.az-a açıqlamasında bildirib ki, İran uzun müddətdir hazırlığını gördüyü dəfn mərasimini təhlükəsizlik risklərinə görə indiyədək keçirə bilmirdi.


“İran axıra qədər əmin deyildi ki, bu mərasimə qarşı təxribat olmayacaq. ABŞ müəyyən təminatlar versə də, biz bilirik ki, İsrail əvvəldən Amerika-İran razılaşmalarına tam şəkildə əməl etmədiyini dəfələrlə nümayiş etdirib”, – deyə deputat qeyd edib.

Onun sözlərinə görə, məhz dəfn mərasimi zamanı mümkün hücumun həyata keçirilməsi İsrail üçün də riskli addım ola bilər:

“Bu mərasimdə dünyanın bir çox ölkələrinin nümayəndələri iştirak edir, o cümlədən Azərbaycandan da təmsilçilər olacaq. Ona görə də düşünürəm ki, mərasimin məhz bu günə saxlanılması həm də İsrailin çəkindirilməsi və əlavə təxribatların qarşısının alınması məqsədi daşıyırdı”.

T.Gəncəliyev vurğulayıb ki, İran hazırkı mərhələdə ABŞ ilə müəyyən razılaşmaların mövcudluğuna güvənərək mərasimi keçirməyə qərar verib:

“Biz bilirik ki, tərəflər arasında 14 bəndlik müəyyən razılaşma imzalanıb. Bu sənədlə bağlı fərqli yanaşmalar və təfsirlər olsa da, hazırda çox həssas və kövrək də olsa, müəyyən atəşkəs mövcuddur”.

Deputat bildirib ki, yaxın günlərdə yeni hücum ehtimalı tam istisna edilmir:

“Hesab etmirəm ki, İsrail məhz dəfn mərasimi zamanı hücum etsin. Amma mərasim başa çatdıqdan sonra belə addımların atılması mümkündür. Son günlərdə də qarşılıqlı hücumların şahidi olduq. İran tərəfi cavab verir, bölgədə gərginlik davam edir”.

Tural Gəncəliyev əlavə edib ki, regionda yaranmış böhran hələ həll olunmayıb:

“Bu düyün açılmayıb. Sadəcə olaraq tərəflər növbəti fürsəti gözləyirlər və imkan yaranan kimi bir-birinə qarşı yenidən sarsıdıcı zərbələr endirməyə hazırdırlar”.


Sizin reklam burada
Sizin reklam burada