Rusiyanın məqsədi müharibəni uzadaraq Ukraynanı tükəndirməkdir.
Politoloq Turab Rzayev News365.az-a açıqlamasında bildirib ki, Rusiya və Ukrayna arasında müharibədə aktiv döyüş fazası artıq böyük ölçüdə başa çatıb və tərəflər hazırda bir-birini maksimum zəiflətməyə çalışırlar.

Onun sözlərinə görə, Moskvaya və ya digər Rusiya şəhərlərinə pilotsuz uçuş aparatları ilə zərbələrin endirilməsi müharibənin gedişatını ciddi şəkildə dəyişmir:
“Moskvaya və ya digər Rusiya şəhərlərinə 10, 20 və ya 50 dronun düşməsi Rusiyanı ciddi şəkildə dəyişməyəcək. Bu, müharibənin məntiqinə də tam uyğun deyil. Burada əsas nəticə daha çox mülki itkilərin artması və ya müəyyən logistik problemlərin yaranması ola bilər”.
Politoloq qeyd edib ki, eyni vəziyyət Ukrayna üçün də keçərlidir:
“Kiyev uzun müddətdir bombardmanlara məruz qalır və artıq şəhər müəyyən mənada buna öyrəşib. İnsanlar dörd ilə yaxındır gündəlik şəkildə hücumların şahidi olurlar. Hazırda isə tərəflər daha fərqli döyüş texnologiyalarından istifadə etməyə başlayıblar”.
T.Rzayev hesab edir ki, tərəflər hazırda daha çox bir-birini iqtisadi və psixoloji baxımdan yormaq strategiyasına üstünlük verirlər:
“İndi əsas məsələ odur ki, hansı tərəf daha çox resurs sərf edəcək, daha çox hücum həyata keçirəcək və hansı tərəf müharibədən daha tez yorulacaq. Müharibənin nəticəsini də bu müəyyən edə bilər”.
Politoloq əlavə edib ki, müharibənin əvvəlindən Rusiyanın əsas strategiyası qarşıdurmanı uzunmüddətli və resursyeyən prosesə çevirmək olub:
“Rusiya çalışır ki, müharibə uzun çəksin və qarşı tərəfi yorğunluğa sürükləsin. Hesab olunur ki, Ukraynanın hərbi, siyasi və maliyyə resursları bu tempdə uzun müddət davam gətirməyə bilər”.