Azərbaycanın
heyvandarlıq sektorunda yaxın 4 ilin yol xəritəsi müəyyənləşib.Yeni qəbul
edilmiş Dövlət Proqramı çərçivəsində əsas diqqət ət və süd istehsalının
artırılmasına, cins heyvanların payının yüksəldilməsinə və xarici bazarlardan
asılılığın minimuma endirilməsinə yönəldiləcək.
Daxili
bazarda özünütəminetmə səviyyəsini yüksəltmək üçün konkret riyazi hədəflər müəyyən
edilib:
Daxili istehsalın
artımı:
2030-cu ilədək
ölkədə süd istehsalının 10 faiz, mal əti istehsalının isə 20 faiz artırılması
planlaşdırılır.
İdxalın kəskin
azaldılması:
Süd məhsulları
idxalının 49,6 faiz, mal əti idxalının isə 40,2 faiz azaldılması hədəflənir.
Özünütəminetmə
səviyyəsi:
Aparılan
islahatlar nəticəsində ölkənin özünü qida ilə təmin etmə göstəricisi süd üzrə
8,5 faiz, mal əti üzrə isə 11,5 faiz artacaq.
Proqram sadəcə
rəqəmsal hədəflərlə məhdudlaşmır, həm də daxili bazarda genişmiqyaslı
institusional infrastrukturun qurulmasını nəzərdə tutur.
Südçülük və ətçilik
klasterlərinin daxilində müxtəlif gücə malik təxminən 1000 yeni müasir təsərrüfat
formalaşdırılacaq və onlar damazlıq cins heyvanlarla təmin ediləcək. Cins
heyvanların ümumi sürüdəki payı 10 faizə çatdırılacaq.
Fermerlərin
bazara çıxışını asanlaşdırmaq və emal zəncirini effektiv etmək üçün ölkə üzrə
90 süd toplama məntəqəsi və 15 dəri qəbul məntəqəsi yaradılacaq.
İribuynuzlu
mal-qaranın tam identifikasiyası (elektron qeydiyyatı) həyata keçiriləcək. Bu
sistem xəstəliklərə nəzarət, subsidiyaların şəffaf paylanması və məhsuldarlığın
monitorinqi üçün əsas mexanizm olacaq.
Yem bazası
gücləndiriləcək, damazlıq heyvanlara və son heyvandarlıq məhsullarına görə
stimullaşdırıcı subsidiyalar tətbiq ediləcək.
Göründüyü
kimi hökümətin hədəfləri yaxın 4 ildə heyvandarlığı ən azı 10-15 faiz inkişaf
etdirməkdir. Bunun üçün hətta idxalın azaldılmasına da diqqət ediləcək.
Bəs mövcud
resurslar necə hərəkətə gətirilə bilər?
Bu il
yanvarın 1-nə Azərbaycanda iribuynuzlu heyvanların sayı 2 milyon 435,5 min baş,
xırdabuynuzlu heyvanların sayı isə 6 milyon 757,8 min baş təşkil edib.
Dövlət
Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, 2025-ci
ilin yanvar ayının 1-i ilə müqayisədə iribuynuzlu heyvanların sayı 1,2% və ya
30.1 min baş, xırdabuynuzlu heyvanların sayı isə 2% və ya 138.7 min baş azalıb.
Aparılan
araşdırmalar göstərir ki, azalmanın əsas səbəbi məhsulun maya dəyərinin yüksək
olmasıdır. Bu gün kənd yerlərində sürü halında davar saxlamaq çox çətindir.
Çünki təbii otlaq sahələri yoxdur. Həyətlərdə 10-15 davar saxlayanda isə maya dəyər
xeyli şişir. Çünki davar sahibi davarları daha çox alınma yemlərlə bəsləyir.
Halbuki təbii otlaq olanda fermerlər yalnız qış aylarında davarları yemlə bəsləyirdilər.
Alınan yemin, yoncanın qiymətinin kifayət artması da fermerdə marağı azaldır.
Ona görə də
ilk növbədə yem bazasının gücləndirilməsi əsas şərtlərdən biridir. Heyvandarlıq
məhsullarının maya dəyərinin böyük hissəsi yem xərclərindən formalaşır. Buna
görə də yem bitkilərinin əkin sahələrinin genişləndirilməsi, müasir suvarma
sistemlərinin tətbiqi və yüksək məhsuldar yem növlərinin yetişdirilməsi
vacibdir. Yem çatışmazlığı və ya bahalığı fermerlərin gəlirlərini azaldır, məhsulun
qiymətini isə artırır.
Təbii örüş
sahələri yaradılması problemi kökündən həll edə bilər. Çünki təbii örüş sahələrində
heyvan bəsləmək oldiqca sərfəlidir.
Digər mühüm
məsələ damazlıq işinin təkmilləşdirilməsidir. Məhsuldarlığı yüksək olan cins
heyvanların sayının artırılması süd və ət istehsalının yüksəlməsinə səbəb olur.
Süni mayalanma xidmətlərinin genişləndirilməsi, genetik seleksiya
proqramlarının həyata keçirilməsi və damazlıq təsərrüfatlarının dəstəklənməsi
bu istiqamətdə mühüm addımlar ola bilər.
Bu məsələ
dövlətin yaxın 4 il üçün prioritetləri arasındadır.
Amma yerli
cinsdən olan heyvanların baş sayının artırılması üçün də müəyyən addımlar atıla
bilər. Məsələn, doğulan hər quzuya və buzova görə maddi dəstək verilsə fermerlərdə
maraq artır. Nəzərə alaq ki, süni mayalanmadan doğulan hər buzova görə 100
manat subsidiya verilir.
Bundan əlavə zootexniki xidmətlərin əlşatanlığı
təmin edilməlidir. Davarlar il ərzində bir neçə dəfə ağciyər, dabaq və digər xəstəliklərinə qarşı peyvənd
olunmalıdır. Hazırda dərman preparatlarının qiyməti xeyli bahadır.
Baytarlıq
xidmətlərinin keyfiyyətinin artırılması da diqqət mərkəzində olmalıdır. Heyvan
xəstəlikləri təkcə fermerlərin gəlirlərinə deyil, həm də insanların
sağlamlığına təhlükə yaradır. Müntəzəm peyvəndləmə, xəstəliklərin erkən
aşkarlanması və peşəkar baytarlıq xidmətlərinin əlçatan olması heyvandarlığın
dayanıqlı inkişafını təmin edən əsas amillərdəndir.
Müasir
texnologiyaların tətbiqi sahənin səmərəliliyini əhəmiyyətli dərəcədə artırır.
Avtomatlaşdırılmış sağım sistemləri, elektron qeydiyyat, heyvanların
sağlamlığının rəqəmsal monitorinqi və ağıllı təsərrüfat idarəetmə sistemləri məhsuldarlığın
yüksəlməsinə və itkilərin azalmasına kömək edir. Dünyanın inkişaf etmiş ölkələrinin
təcrübəsi göstərir ki, texnologiyaya investisiya qoyan təsərrüfatlar daha yüksək
gəlir əldə edirlər.
Fermerlərin
maliyyə resurslarına çıxışının yaxşılaşdırılması da vacibdir. Güzəştli kreditlər,
subsidiya proqramları və dövlət dəstəyi kənd təsərrüfatı istehsalçılarının
imkanlarını genişləndirə bilər. Xüsusilə kiçik və orta təsərrüfatların maliyyə
yükünün azaldılması onların bazarda rəqabət qabiliyyətini artırar.
Bununla
yanaşı, heyvandarlıq məhsullarının emalı və satış infrastrukturu inkişaf
etdirilməlidir. Soyuducu anbarların, logistika mərkəzlərinin və emal müəssisələrinin
sayının artırılması məhsul itkilərinin qarşısını alar, fermerlərin gəlirlərini
yüksəldər və istehlakçıların keyfiyyətli məhsullarla təminatını yaxşılaşdırar.
Nəhayət,
fermerlərin maarifləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Müasir heyvandarlıq
metodları, qidalanma qaydaları, xəstəliklərlə mübarizə üsulları və biznes idarəçiliyi
sahəsində təlimlərin keçirilməsi təsərrüfatların daha səmərəli fəaliyyət göstərməsinə
şərait yaradar.
Heyvandarlığın
inkişafı yalnız kənd təsərrüfatının deyil, bütövlükdə ölkə iqtisadiyyatının
inkişafına xidmət edir. Bu sahəyə göstərilən diqqət həm kənd yerlərində rifahın
yüksəlməsinə, həm də ölkənin ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə mühüm töhfə
verə bilər. Güclü heyvandarlıq sektoru güclü kənd təsərrüfatı və dayanıqlı
iqtisadiyyat deməkdir.
News365.az