Dünənki hücuma görə Rusiyanın Baş Qərargah rəisinə cinayət işi AÇILDI

Dünənki hücuma görə Rusiyanın Baş Qərargah rəisinə cinayət işi AÇILDI
14:00

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) və Baş Prokurorluğu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimova (Valeriy Gerasimov) qarşı hərbi cinayətlər faktı üzrə cinayət işi açıb.

Bu barədə SBU-nun mətbuat xidməti məlumat yayıb.

İstintaq materiallarına görə, rusiyalı yüksək rütbəli hərbçi Ukraynanın mülki infrastruktur obyektlərinə, o cümlədən cari ilin iyulun 2-də Kiyev şəhəri və vilayətinə təşkil olunan kütləvi hava hücumuna birbaşa cavabdehdir.

SBU vurğulayıb ki, Rusiya paytaxt Kiyevi və digər şəhərləri əsasən "X" tipli raketlər, "Kinjal", "Kalibr", "İsgəndər", "Sirkon" raket kompleksləri, eləcə də uzaqmənzilli "Şahid" və "Geran" zərbə pilotsuz uçuş aparatları (PUA) ilə atəşə tutur.

Rəsmi bəyanatda deyilir:

"Gerasimovun göstərişi ilə Rusiya Silahlı Qüvvələrinin tabeliyində olan hərbi birləşmələr bombardmançı təyyarələr, raketdaşıyan gəmilər və yerüstü operativ-taktiki raket komplekslərindən istifadə etməklə Ukraynaya endirilən hava zərbələrinin planlaşdırılması, hazırlanması və icrası ilə məşğul olurlar. Rusiyanın mülki obyektləri genişmiqyaslı atəşə tutması 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarına I Əlavə Protokolun 51 və 52-ci maddələrinin birbaşa pozulmasıdır və hərbi cinayət hesab olunur".

Xatırladaq ki, iyulun 2-nə keçən gecə Rusiya qoşunlarının Kiyevə endirdiyi kütləvi zərbələr nəticəsində Ukrayna paytaxtının müxtəlif rayonlarına ciddi ziyan dəyib.

Şəhərdə ümumilikdə 20-dən çox yaşayış binası dağıntılara və zədələnmələrə məruz qalıb. Son məlumatlara görə, bu kütləvi hücum nəticəsində həyatını itirənlərin sayı 30 nəfərə yüksəlib.


Sizin reklam burada
Sizin reklam burada