Rusiyada məmurların olduğu avtomobil partladıldı

Rusiyada məmurların olduğu avtomobil partladıldı
13:37

Rusiyanın Kursk vilayətində rayon rəhbərliyini daşıyan avtomobil minaya düşərək partlayıb.

Bu barədə Kursk vilayətinin qubernatoru Aleksandr Xinşteyn məlumat yayıb.

Onun sözlərinə görə, hadisə Rılsk şəhərinin mərkəzində baş verib. Partlayış nəticəsində rayon rəhbəri Vladimir Kovalçuk və avtomobili idarə edən rayonun Təsərrüfat Xidməti İdarəsinin direktoru Sergey Besedin yaralanıblar.

Kovalçuka mina-partlayış travması və ayaqlarından qəlpə yaraları diaqnozu qoyulub. Besedin isə qarın nahiyəsindən yüngül yaralanıb və budundan qəlpə xəsarəti alıb. Bundan başqa, inzibati binanın qarşısında dayanan daha iki əməkdaş partlayış dalğası nəticəsində xəsarət alıb.

Xinşteyn bildirib ki, partlayıcı qurğu məsafədən işə salınıb. Lakin bunu kimin etdiyi barədə məlumat verməyib.

Hadisə yerinə hüquq-mühafizə orqanları və istehkamçılar cəlb olunub.

Yaralılar Rılsk Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Sergey Besedin əməliyyat olunur. Qubernatorun sözlərinə görə, zərurət yaranarsa, yaralılar Kursk şəhərinə göndəriləcək.

Qeyd edək ki, iyulun 1-də Aleksandr Xinşteyn Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları vasitəsilə Rılsk şəhərinin iki meydanına partlayıcı qurğular atdığını bildirmişdi. Həmin vaxt qurğulardan birini zərərsizləşdirməyə çalışan OMON istehkamçısı həlak olub, bir polis əməkdaşı isə yaralanıb.


Sizin reklam burada
Sizin reklam burada