Ermənistanın KTMT-dən çıxarılması İrəvan üçün hədiyyə olar

Ermənistanın KTMT-dən çıxarılması İrəvan üçün hədiyyə olar
15:30

Ermənistanın regional təşkilatlardakı gələcək mövqeyi yenidən müzakirə mövzusuna çevrilib. Ekspertlər hesab edirlər ki, İrəvan hazırda həm Rusiyanın təsir dairəsində qalmağa, həm də paralel şəkildə Avropa istiqamətində inteqrasiyanı gücləndirməyə çalışır.

Politoloq Natiq Miri News365.az-a açıqlamasında bildirib ki, Avrasiya Birliyi və KTMT-nin nizamnaməsində üzv dövlətin başqa ölkənin tələbi ilə təşkilatdan çıxarılması ilə bağlı müddəa yoxdur.


“Əgər Ermənistan istəməsə, heç kim onu həmin təşkilatlardan çıxara bilməz. Belə bir mexanizm mövcud deyil”, – deyə o qeyd edib.

Politoloqun sözlərinə görə, Rusiyanın seçki ərəfəsində Ermənistanla bağlı sərt bəyanatları praktikada nəticə verməyib:

“Rusiyadan bir müddət əvvəl ciddi hədələr səslənirdi ki, Ermənistanı KTMT-dən çıxaracaqlar. İndi sual yaranır – niyə çıxarmırlar? Çünki Ermənistanın təşkilatdan çıxarılması əslində İrəvana verilən hədiyyə olar. Ermənistan bunu özü istəyir”.

N.Miri hesab edir ki, Ermənistan hazırda KTMT-də formal şəkildə təmsil olunur:

“Ermənistan nə öhdəlikləri yerinə yetirir, nə proseslərdə iştirak edir, nə təlimlərə qatılır, nə də qərarların qəbulunda aktiv rol oynayır. Sadəcə formal təsdiq mexanizmi kimi qalır”.

Politoloq əlavə edib ki, İrəvan gələcəkdə təşkilatdan çıxarılacağı təqdirdə məsuliyyəti qarşı tərəfin üzərinə qoymağa çalışacaq:

“Bu vəziyyət o vaxta qədər davam edəcək ki, ya Rusiya, ya da digər üzvlər birlikdə Ermənistanın təşkilatdan çıxarılması qərarını versinlər. Belə olarsa, Ermənistan qarşı tərəfi günahlandırmaq imkanı qazanacaq”.

Natiq Miri vurğulayıb ki, Ermənistan Avrasiya İqtisadi Birliyindən də tam ayrılmaq niyyətində deyil:

“Ermənistan Avropa standartlarına uyğunlaşana qədər bu iqtisadi birlikdə qalmaq istəyir. Çünki Avrasiya məkanı yalnız Rusiyadan ibarət deyil. Burada Qazaxıstan, Qırğızıstan və digər dövlətlər də var. Ermənistanın həmin ölkələrlə ayrıca iqtisadi və siyasi münasibətləri mövcuddur”.

Politoloqun fikrincə, Orta Dəhlizin tam açılması Ermənistan üçün yeni iqtisadi imkanlar yarada bilər:

“Orta dəhliz tam fəaliyyətə başladıqdan sonra Ermənistanın imkanları daha da genişlənəcək. Bu halda İrəvan yalnız Avropa bazarına deyil, Azərbaycan və Türkiyə kimi mühüm bazarlara da çıxış əldə edə bilər”.


Sizin reklam burada
Sizin reklam burada