Təyyarədə uçuş zamanı rahat yatmaq artıq yalnız xəyal deyil. Sinqapur Hava Yolları sərnişinlərinə təqdim etməyə hazırlaşdığı yeni birinci sinif kabinləri ilə hava səyahətində komfort anlayışını dəyişməyi hədəfləyir.
News365.az CNN-ə istinadən xəbər verir ki, aviaşirkət 1,6 milyard dollarlıq yenilənmə proqramı çərçivəsində yeni kabinlərini təqdim edib. Layihənin ən diqqətçəkən yeniliyi isə təyyarədə quraşdırılacaq iki nəfərlik geniş çarpayıdır.
Ölçüləri 203 santimetr uzunluğunda və 152 santimetr enində olan çarpayı göydə sərnişinlərə təqdim edilən ən böyük yataq sahəsi kimi xarakterizə olunur.
Yeni birinci sinif kabinləri sərnişinlər üçün şəxsi məkan prinsipi əsasında hazırlanıb. Tam məxfilik yaradan arakəsmələr, dəri oturacaqlar və geniş yataq sahəsi bu kabinlərin əsas xüsusiyyətlərindəndir. Cütlüklər üçün nəzərdə tutulan mərkəzi suitlərdə isə iki nəfərlik divan birləşdirilərək böyük çarpayıya çevrilir.
Yenilənmiş kabinlərin gələn ildən başlayaraq 100-ə yaxın uzun məsafəli təyyarədə istifadəsi planlaşdırılır. İlk mərhələdə bu yenilik yeni Boeing 777-9 və modernləşdirilmiş Airbus A350-900 təyyarələrində tətbiq ediləcək.
Xatırladaq ki, Sinqapur Hava Yolları bu il dünyanın ən yaxşı aviaşirkəti seçilib.