Bu gün tanınmış diplomat, ictimai-siyasi xadim və intellektual Hikmət Hacızadənin doğum günüdür. Təhsil eksperti Etibar Əliyev onunla bağlı xatirələrini bölüşərək mərhum ziyalının şəxsiyyətindən, yumor hissindən və zəngin kitabxanasından bəhs edib.
News365.az xəbər verir ki, Etibar Əliyev bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, Hikmət Hacızadəni öz aralarında “bizim Bernard Şou” adlandırırdı. Onun sözlərinə görə, Hacızadə özünəməxsus, incə yumor hissi ilə seçilirdi və evində zəngin kitabxana yaratmışdı.
Etibar Əliyev qeyd edib ki, Hikmət Hacızadənin kitabxanası dostlarının üzünə açıq olub. O, kitab götürənlərə oxumaq üçün müəyyən vaxt verir, daha sonra isə həmin kitabın məzmunu ilə bağlı onlardan suallar soruşurdu.
Təhsil eksperti məşhur vəkil İsaxan Aşirovun dəfn mərasimində Hikmət Hacızadənin söylədiyi nitqin də yaddaşında dərin iz buraxdığını vurğulayıb.
Onun sözlərinə görə, İsaxan Aşirov və Elton Quliyevin vəfatı Hikmət Hacızadəni ciddi şəkildə sarsıdıb. Bir müddət sonra isə o da dünyasını dəyişərək dostlarının sırasına qoşulub.
Etibar Əliyev paylaşımını Hikmət Hacızadəyə ünvanladığı rəhmət diləkləri ilə yekunlaşdırıb.