İraq Kürdüstanında iki əsas siyasi qüvvə – Kürdüstan Demokrat Partiyası (KDP) və Kürdüstan Vətənpərvərlər Birliyi (PUK) arasında qarşıdurma dərinləşir. Tərəflər arasında hökumətin formalaşdırılması və hakimiyyət bölgüsü ilə bağlı yaranan fikir ayrılığı regionda ikili idarəçilik modelinin yenidən bərpası ehtimalını gündəmə gətirib.
News365.az xəbər verir ki, bu barədə politoloq Turan Rzayev bildirib.

Onun sözlərinə görə, PUK lideri Bafel Tələbani partiyasının Kürdüstan Regional Hökumətindən çıxdığını, Ərbildə keçirilən parlament iclasının nəticələrini və həmin iclasda qəbul edilən qərarları tanımadığını açıqlayıb. O, KDP-nin Ərbildə öz prezidentini, baş nazirini və nazirlərini təyin edəcəyi təqdirdə, PUK-un da Süleymaniyyədə eyni addımı atacağını bəyan edib.
Politoloq hesab edir ki, bu bəyanat 2006-cı ildə aradan qaldırıldığı düşünülən ikili idarəçilik modelinin yenidən gündəmə gəlməsi deməkdir.
Turan Rzayev bildirib ki, hazırkı böhran yalnız parlamentdə spiker seçkisi ilə bağlı deyil. Bu, uzun müddətdir yığılıb qalan siyasi, iqtisadi və inzibati ziddiyyətlərin nəticəsidir.
Onun sözlərinə görə, İraq Kürdüstanında uzun illərdir iki əsas siyasi mərkəz mövcuddur. Məsud Bərzaninin rəhbərlik etdiyi KDP əsasən Ərbil və Duhokda, mərhum Cəlal Tələbaninin yaratdığı və hazırda oğlu Bafel Tələbaninin rəhbərlik etdiyi PUK isə Süleymaniyyədə güclü mövqeyə malikdir. Hər iki siyasi qüvvənin partiya strukturları ilə yanaşı, təhlükəsizlik, iqtisadiyyat, yerli idarəçilik və media sahələrində də təsir imkanları var.
Politoloq xatırladıb ki, 1990-cı illərdə KDP və PUK arasında silahlı qarşıdurmaya qədər gedib çıxan mübarizə regionun faktiki olaraq iki ayrı idarəçilik zonasına bölünməsi ilə nəticələnmişdi. 2006-cı ildə əldə olunan razılaşma əsasında administrasiyalar birləşdirilsə də, siyasi və təhlükəsizlik sahəsindəki fərqlər tam aradan qalxmayıb.
O qeyd edib ki, 2024-cü ilin oktyabrında keçirilən parlament seçkilərində KDP 39, PUK isə 23 mandat əldə edib. Heç bir partiya təkbaşına hökumət qurmaq üçün kifayət qədər səs qazanmadığından, seçkilərdən sonra hakimiyyət bölgüsü ilə bağlı razılıq əldə etmək mümkün olmayıb. Nəticədə region uzun müddət köhnə hökumətlə idarə olunub.
Noyabrın 4-də parlamentin fəaliyyətini bərpa etməsi və KDP-nin namizədi Vala Fəridin spiker seçilməsi tərəflər arasındakı münasibətləri daha da gərginləşdirib. PUK bu iclası siyasi razılaşma olmadan atılmış addım kimi qiymətləndirərək boykot edib. Noyabrın 5-də isə Bafel Tələbani hökumətdən çıxmaq qərarını açıqlayıb.
Turan Rzayevin fikrincə, tərəflər arasındakı əsas mübahisə hakimiyyət və strateji resursların bölüşdürülməsi ilə bağlıdır. KDP seçkilərdə daha çox mandat qazanmasını əsas gətirərək idarəçilikdə aparıcı mövqeyinin tanınmasını istəyir. PUK isə ikinci böyük siyasi qüvvə kimi hökumətdə daha ciddi təmsilçilik tələb edir. Prezidentlik, baş nazirlik, təhlükəsizlik strukturları, maliyyə və iqtisadi resurslara nəzarət məsələləri əsas fikir ayrılığı olaraq qalır.
Politoloq diqqətə çatdırıb ki, KDP ənənəvi olaraq Türkiyə ilə, PUK isə İranla daha yaxın siyasi və iqtisadi münasibətlərə malikdir. Bununla yanaşı, hər iki siyasi qüvvənin ABŞ-la əlaqələri mövcuddur.
O hesab edir ki, İran və ABŞ arasında münasibətlərin gərginləşməsi, İraqın regional qarşıdurmalardakı mövqeyi və kürd siyasi qüvvələrinin xarici əlaqələri İraq Kürdüstanındakı böhranı daha mürəkkəb vəziyyətə gətirə bilər.
“Hazırkı vəziyyətdə İran-ABŞ amilini diqqətdən kənarda saxlamaq olmaz. Hətta ehtimal etmək mümkündür ki, regional gərginlik KDP və PUK arasındakı daxili siyasi mübarizəni daha da mürəkkəbləşdirir”, – deyə politoloq vurğulayıb.
Turan Rzayevin qənaətinə görə, tərəflər yaxın zamanda ortaq məxrəcə gələ bilməsələr, İraq Kürdüstanında ciddi siyasi qarşıdurmaların baş verməsi və ikili idarəçilik modelinin yenidən formalaşması ehtimalı arta bilər.