TikTok Azərbaycanda yarım milyondan çox videonu sildi

TikTok Azərbaycanda yarım milyondan çox videonu sildi
12:30

TikTok 2026-cı ilin ikinci rübündə Azərbaycanda İcma Qaydalarını pozan 570 mindən çox videonu platformadan silib.

News365.az xəbər verir ki, aprelin 1-dən iyunun 30-dək silinən videoların 99,6 faizi istifadəçilər şikayət etməmişdən əvvəl platformanın avtomatlaşdırılmış sistemləri tərəfindən aşkarlanıb.

Şirkətin İcma Qaydalarına əməl olunması ilə bağlı yayımladığı hesabatda bildirilir ki, qaydaları pozan videoların 93,2 faizi yayımlandıqdan sonra ilk 24 saat ərzində silinib.

Hesabata əsasən, 2026-cı ilin ikinci rübündə dünya üzrə də moderasiya tədbirləri gücləndirilib. Belə ki, bu müddətdə platformadan 188 milyondan çox video silinib. Onların 99,5 faizi istifadəçi şikayətləri daxil olmadan əvvəl aşkarlanaraq platformadan çıxarılıb. Bu, TikTok tarixində qeydə alınan ən yüksək göstəricidir.

Qlobal miqyasda silinən videoların 92,7 faizi isə yayımlandıqdan sonra ilk 24 saat ərzində müəyyən edilib.

TikTok məzmunun yoxlanılması prosesində süni intellekt texnologiyalarından istifadəyə də xüsusi diqqət yetirir. Hesabatda qeyd olunur ki, ikinci rübdə dünya üzrə silinən videoların 97,4 faizi süni intellekt əsaslı avtomatlaşdırılmış sistemlər vasitəsilə aşkarlanıb. Bu da platforma tarixində ən yüksək göstərici hesab olunur.

Bununla yanaşı, daha mürəkkəb və mübahisəli məzmunların qiymətləndirilməsinə şirkətin təhlükəsizlik komandası da cəlb edilir. Mütəxəssislər istifadəçi şikayətlərini araşdırır, qayda pozuntularını müəyyənləşdirir və zəruri hallarda müvafiq məhdudiyyətlər tətbiq edirlər.

Hesabat dövründə saxta hesablarla və süni şəkildə artırılan göstəricilərlə mübarizə istiqamətində də tədbirlər görülüb. Belə ki, TikTok dünya üzrə 352 milyondan çox saxta hesabın yaradılmasının qarşısını alıb.

Eyni zamanda, 6,2 milyarddan çox süni şəkildə artırılmış bəyənmə, 2,7 milyard saxta izləyici və saxta hesablardan paylaşılmış 190 milyon şərh silinib. Platforma, həmçinin izləyici sayını süni şəkildə artırmağa yönəlmiş 7,5 milyarddan çox cəhdin qarşısını alıb.

Şirkət bildirir ki, məzmun moderasiyası texnologiyalarının təkmilləşdirilməsi, saxta hesablarla mübarizə və istifadəçilərin təhlükəsizliyinin qorunması istiqamətində işlər davam etdirilir.


Sizin reklam burada
Sizin reklam burada