Deputatdan İrana sərt mesaj: “Bu, kifayət qədər humanist addımdır”

Deputatdan İrana sərt mesaj: “Bu, kifayət qədər humanist addımdır”
14:40

Deputat Elçin Mirzəbəyli İranın Azərbaycana qarşı fəaliyyətini və iki ölkə arasında diplomatik münasibətlərdəki gərginliyi sərt tənqid edib. O bildirib ki, Tehran rejiminin ölkəmizə qarşı addımlarına görə İran diplomatları Azərbaycan Xarici İşlər Nazirliyinə daha tez-tez çağırılsaydılar, səfirlik əməkdaşlarının vaxtlarının böyük hissəsi XİN-in qapısında keçərdi.

News365.az xəbər verir ki, deputat bu barədə sosial şəbəkə hesabında paylaşım edib.


Elçin Mirzəbəyli bildirib ki, diplomat olmayan əcnəbi vətəndaşların “arzuolunmaz şəxs” elan edilməsi beynəlxalq diplomatik hüquqla deyil, dövlətlərin daxili qanunvericiliyi və suverenlik prinsipi ilə tənzimlənir.

O, Azərbaycan Miqrasiya Məcəlləsinin 16-cı maddəsinə diqqət çəkərək qeyd edib ki, milli təhlükəsizliyin, ictimai asayişin, vətəndaşların hüquq və qanuni mənafelərinin qorunması tələb etdiyi hallarda əcnəbilərin ölkəyə gəlişi qadağan edilə bilər.

Deputatın sözlərinə görə, 14 İran vətəndaşının Azərbaycanda arzuolunmaz şəxs elan edilməsi humanist qərardır. O, İranın müxtəlif strukturlarını uzun illərdir Azərbaycan əleyhinə təbliğat və təxribat fəaliyyəti aparmaqda ittiham edib.

Elçin Mirzəbəyli iddia edib ki, İranın Azərbaycana qarşı ideoloji fəaliyyətində iştirak edən şəxslərin sayı kifayət qədər çoxdur. O, vaxtilə Azərbaycan əleyhinə ideoloji mübarizə aparmaq məqsədilə yaradıldığını bildirdiyi “Azərbaycan masası”nda SEPAH nümayəndələrinin sayının 3 mindən çox olduğunu da vurğulayıb.

Millət vəkili İranın siyasi və ideoloji yanaşmasını da tənqid edərək bildirib ki, bu ölkədə xarici dövlətlərin vətəndaşlarının müxtəlif ittihamlarla hədəfə alınması, onların “İran İslam Respublikasının düşmənləri” kimi təqdim edilməsi adi hala çevrilib.

Deputat son regional proseslərin İran rəsmilərinin davranışlarına təsir etdiyini də düşünür. Onun fikrincə, bəzi hallarda Tehran təmsilçiləri diplomatik münasibətlərdə qəbulolunmaz davranışlar nümayiş etdirirlər.

Elçin Mirzəbəyli paylaşımında İranın Azərbaycana qarşı addımlarına görə bu ölkənin diplomatlarının XİN-ə çağırılması məsələsinə də toxunub:

“Əgər İranın Azərbaycan Respublikasına qarşı əməllərinə görə bu ölkənin diplomatı bizim Xarici İşlər Nazirliyinə çağırılsaydı, o zaman İranın ölkəmizdəki səfirliyinin diplomatları günlərinin əhəmiyyətli hissəsini Azərbaycan XİN-in qapısında keçirməli idilər”.

Qeyd edək ki, deputatın açıqlamasında İran vətəndaşlarının arzuolunmaz şəxs elan edilməsi məsələsi Azərbaycanın milli təhlükəsizliyi və dövlət suverenliyi kontekstində qiymətləndirilib.


Sizin reklam burada
Sizin reklam burada