Evdə iynə vurdurmaq və sistem qoşdurmaq çoxlarına adi tibbi prosedur kimi görünsə də, bu cür müdaxilələr gözlənilməz faciə ilə nəticələnə bilər. Xüsusilə tibbi təhsili olmayan şəxslərin həyata keçirdiyi prosedurlar zamanı allergik reaksiyalar, anafilaktik şok və digər ağır fəsadlar insan həyatı üçün ciddi təhlükə yaradır.
News365.az xəbər verir ki, tibb elmləri doktoru, professor Adil Qeybulla bu barədə açıqlamasında bildirib.
Onun sözlərinə görə, tibbi manipulyasiyaların həyata keçirilməsi üçün əsas yer tibb müəssisələri, xüsusilə xəstəxanalardır. Yalnız təxirəsalınmaz hallarda mütəxəssislər tərəfindən evdə və ya açıq şəraitdə həyati vacib müdaxilələr həyata keçirilə bilər.
Professor vurğulayıb ki, planlı şəkildə ev şəraitində iynə vurulması və sistem qoşulması ciddi təhlükəsizlik məsələsidir. Tibbi bilikləri və müvafiq hazırlığı olmayan şəxslərin bu işlə məşğul olması yolverilməzdir.
Adil Qeybulla qeyd edib ki, bəzi insanlar qısa müddətdə kimdənsə iynə vurmağı öyrənərək özlərini tibb işçisi kimi təqdim edirlər. Halbuki tibbi müdaxilə yalnız iynə vurmaqdan ibarət deyil. Bu sahədə çalışan şəxslər sterillik qaydalarını, mümkün fəsadları və təcili vəziyyətlərdə görüləcək tədbirləri bilməlidirlər.
Professorun sözlərinə görə, ev şəraitində tibbi prosedurlar zamanı anafilaktik şok və ağır allergik reaksiyalar yarana bilər. Belə hallarda müdaxiləni həyata keçirən şəxsin lazımi avadanlığı və təcili tibbi yardım göstərmək üçün kifayət qədər biliyi olmaya bilər.
O bildirib ki, məhz bu səbəbdən evdə iynə vurulması nəticəsində insanların həyatını itirməsi ilə bağlı faciəli hadisələr baş verir. Belə hallarda nə yaş, nə də sosial vəziyyət insanı riskdən sığortalayır.
Adil Qeybulla hesab edir ki, tibbi müdaxilələrə məsuliyyətsiz yanaşma ciddi nəticələrə səbəb ola bilər. Müvafiq qadağalara və xəbərdarlıqlara baxmayaraq, köhnə vərdişlərin təsiri ilə ev şəraitində nəzarətsiz tibbi prosedurlar hələ də davam edir.
News365.az