“Bizim bu gün hər şeyimiz yaxşıdır, ancaq gələcəyimiz olan uşaqların hüquqlarının müdafiəsi, xüsusilə də onların sağlam böyüməsi məsələsinə diqqəti artırmalıyıq”.
News365.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bunu deputat Naqif Həmzəyev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin bu gün keçirilən birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
“Orta məktəblərdə olan bufetlər, yəni yeməkxanaların təklif etdikləri qidalar nə dərəcədə yaxşıdır? Bu, birinci sual. Bu, mütləq araşdırılmalıdır. İkincisi də, nə vaxta qədər bu bufetlər, yeməkxanalar mərkəzdən idarə olunmayacaq? Yəni bir məktəbin təqdim etdiyi qida ilə ikinci məktəbin təqdim etdiyi qida arasında heç bir əlaqə yoxdur. Fərqli-fərqli qidalar təqdim olunur və bu qidaların da uşaqlara heç bir faydası yoxdur. Mən təklif edirəm və bilmək istəyirəm ki, heç olmasa bu yaxın illərdə gündə bir dəfə isti yeməklə bizim ibtidai sinif şagirdlərinin təmin edilməsi mümkün olacaqmı? Biz bunu edə biləcəyikmi? Bunu etməyəcəyimiz təqdirdə uşaqların bəstəboy olaraq qalması, onların görmə qabiliyyətinin günü-gündən zəifləməsi, uşaqlarda kəskin çəki alma problemləri qalacaq və valideynlər də bu problemin qarşısını ala bilməyəcəklər.
Daha sonra, 1960-70-80-ci illərdə tikilmiş binalar var, xüsusilə də regionlarda. Bu binaların çox təəssüflər olsun ki, təmir və bərpa məsələsi ilə bağlı hər ötən il deyilir ki, növbəti il həll olunacaq. Bəzən şəhər və yaxud rayon öz daxili vəsaiti hesabına nələrsə edir, daha çox açıq deyim, prospektlərin görünən hissəsində təmir işləri aparırlar. O həyətdə, məhlə hissəsində isə bu binalar ümumiyyətlə təmir edilmir. Yaxud dam örtüyü düzəldilir, onun giriş hissəsi, lift və yaxud digər məsələlər düzəlmir və elə binalar var ki, o pilləkənlər hər an uça bilər.
Mən bu haqda hökumətə də rəsmi müraciət etmişəm. Bəzi evlər var ki, medianı da ümumiyyətlə çəkməyə, işıqlandırmağa qoymurlar. Hansı media o məlumatı işıqlandırırsa, həmin jurnalist ümumiyyətlə, bəlkə də, işdən çıxarılır və yaxud müəyyən təqiblərə məruz qalır. Yəni bu, yaxşı hal deyil. Bu problemi gizlətməklə biz heç nə əldə etmirik. Bakıda rahatdır, hər şey həll olunur. Regionlarda ancaq inanın ki, hamı bir nəfərdən, iki nəfərdən qorxur və heç kim də dilə gətirə bilmir.
Üçüncü məsələ, 2011-ci ildən başlayaraq Gəncə sakinlərinə biz həmişə bir cavab veririk: kanalizasiya layihəsi yekunlaşan kimi bu yola asfalt çəkiləcək. Artıq 2026-cı ildir. Hələ də asfalt üzü görməyən yollar qalır və mən belə başa düşürəm, yaxın 5-6 ildə də qalacaq. Çünki elə yerlər var ki, orada kanalizasiya hələ də çəkiləsi deyil.
Yəni vətəndaşlar mənə irad tuturlar ki, bəlkə də, bu asfalt üçün vəsait ayrılıb və başqa yerə xərclənib. Mən heç nəyə cavab verə bilmirəm. Açıq deyim, bizim adımız var, ancaq heç bir səlahiyyətimiz yoxdur. Hökumət nümayəndələri rayonlara, şəhərlərə gedəndə icra başçısının və yaxud o rəsmi şəxsin təqdim etdiyi marşrutdan kənara çıxaraq vətəndaşlarla görüşə getməlidir. Belə olacağı təqdirdə hökumət üzvləri görəcək ki, o yollar niyə düzəlmir və yaxud problemlər nə dərəcədə qabarıqdır. Şəhər və rayon rəhbərliyi hökumətdən də gizlədir.
Mən bəlkə də, emosional çıxış etdim, ancaq inanın ki, seçicilərlə görüşəndə çox əziyyət çəkirik. Xüsusilə də doğulub boya-başa çatdığın ərazidə və ya bir yerdə böyüdüyümüz o qonşuların qarşısına çıxmaq olmur. Yəni deyirlər ki, sən vəzifə tutursan, sən yaxşı dolanırsan, bəs bizi niyə düşünmürsən? Yəni belə məsələlər var. Xahiş edirəm bu məsələlərlə bağlı mümkündürsə, hökumət ciddi tədbirlər görsün”, - deputat vurğulayıb.
Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov deputatın fikirlərinə münasibət bildirib: “Naqif müəllim, sağ olun. Amma o fikirlə razı deyiləm ki, bizim elə adımızdır, səlahiyyətimiz yoxdur, nədir? Sizin kifayət qədər deputat kimi səlahiyyətiniz var. Əgər ondan istifadə edə bilməmisinizsə, o sizin problemdir.
İkincisi, bir tərəfdən deyirsiniz ki, bu mətbuat nümayəndələrini o yaxşı, pis yerləri çəkib göstərəndə işdən çıxardırlar. Varmı belə bir fakt sizdə? Zəhmət olmasa, verərsiniz, baxarıq”.