Eyfel qülləsinin tarixinə şahidlik etmiş nadir konstruksiya hissələrindən biri yenidən satışa çıxarılır. Parisin məşhur simvolunun onilliklər əvvəl sökülmüş orijinal pilləkən parçası kolleksiyaçıların diqqət mərkəzinə düşə bilər.
News365.az CNN-ə istinadən xəbər verir ki, hərrac gələn il mayın 21-də Parisdə təşkil olunacaq. Satışa çıxarılan eksponat 1889-cu ildə inşa edilmiş Eyfel qülləsinin ikinci və üçüncü mərtəbələrini birləşdirən spiral pilləkənin 1 nömrəli hissəsidir.
Ümumilikdə 14 pillədən ibarət olan konstruksiyanın hündürlüyü 2,75 metr, diametri isə 1,75 metrdir. Pilləkən 1983-cü ildə qüllədə aparılan təmir işləri zamanı sökülüb və yerində lift quraşdırılıb. Həmin vaxtdan etibarən bu tarixi hissə 40 ildən artıqdır ki, şəxsi kolleksiyada qorunur.
Hərracı təşkil edən “Artcurial” şirkətinin proqnozuna görə, eksponat 120-150 min avro arasında qiymətə satıla bilər.
Qeyd edək ki, Eyfel qülləsinin sökülmüş pilləkən hissələri əvvəllər də hərraclarda böyük maraq doğurub. 2016-cı ildə satışa çıxarılan belə hissələrdən biri 523 min avroya alıcı taparaq rekord nəticə göstərib.
News365.az