Telefon asılılığı gənclərin diqqətini zəiflədir? – Psixoloqdan xəbərdarlıq

Telefon asılılığı gənclərin diqqətini zəiflədir? – Psixoloqdan xəbərdarlıq
15:05

Bir vaxtlar insanlar başqalarının həyatını yalnız yaxın çevrələri ilə müqayisə edirdilərsə, indi bir telefon ekranı vasitəsilə yüzlərlə, hətta minlərlə insanın gündəlik həyatını izləyirlər. Kiminsə bahalı avtomobili, dəbdəbəli evi, xoşbəxt münasibəti və ya uğurları gənclərdə öz həyatlarından narazılıq yarada bilir. Üstəlik, saniyələr ərzində dəyişən qısa videolar, canlı yayımlar və bəyənmə yarışı virtual aləmi daha cəlbedici edir. Nəticədə bəzi gənclər real həyatda yaşamaqdan çox, başqalarının həyatını izləməyə və özlərini sosial şəbəkələrdə təsdiqlətməyə vaxt ayırırlar. Bəs bu vərdişlər onların psixologiyasına, diqqətinə və özünə münasibətinə necə təsir göstərir?

News365.az xəbər verir ki, klinik psixoloq Zəhra Zahidova mövzu ilə bağlı saytımızın suallarını cavablandırıb.

Psixoloqun sözlərinə görə, sosial platformalarda başqalarının həyatını davamlı izləmək gənclərdə müqayisə meylini gücləndirir. Onlar gördükləri insanların uğurlarını, xarici görünüşünü, şəxsi münasibətlərini və həyat şəraitini öz imkanları ilə tutuşdurmağa başlayırlar.

Lakin sosial şəbəkələrdə nümayiş olunanların reallığın tam mənzərəsi olmadığını unudurlar. Əksər istifadəçilər həyatlarının yalnız ən uğurlu və diqqətçəkən anlarını paylaşırlar. Bu görüntüləri öz gündəlik həyatı ilə müqayisə edən gəncdə zamanla özünəinamın azalması, yetərsizlik hissi və başqalarının rəğbətini qazanmaq istəyi yarana bilər.

Zəhra Zahidova qısa videoların həddindən artıq izlənməsinin də diqqət və səbir vərdişlərinə təsir etdiyini bildirib.

Onun izahına görə, beyin sürətlə dəyişən görüntülərə və ardıcıl yeni stimullara alışdıqca uzunmüddətli diqqət tələb edən fəaliyyətlər əvvəlki qədər maraqlı görünməyə bilər. Bu səbəbdən kitab oxumaq, dərs hazırlamaq və hər hansı işi sona qədər çatdırmaq gənclər üçün çətinləşə bilər.

Psixoloq əlavə edib ki, belə vərdişlər insanın hər şeyin tez baş verməsini gözləməsinə də səbəb ola bilər. İstədiyi nəticəni dərhal əldə etməyən gənc daha tez səbirsizlik göstərə bilər. Bununla belə, bu halı birbaşa diqqət pozuntusu kimi qiymətləndirmək doğru deyil. Sadəcə, rəqəmsal məzmunun həddindən artıq istehlakı diqqəti idarə etməyi çətinləşdirə bilər.

Canlı yayımlar niyə bu qədər cəlbedicidir?

Klinik psixoloq sosial şəbəkələrdə canlı yayımlara marağın artmasının arxasında diqqət mərkəzində olmaq, tanınmaq və başqaları tərəfindən qəbul edilmək istəyinin dayana biləcəyini deyib.

Onun sözlərinə görə, bəzi gənclər izləyici sayını, bəyənmələri və şərhləri şəxsi dəyərlərinin göstəricisi kimi qəbul edirlər. Gözlədikləri marağı görmədikdə isə məyusluq və narahatlıq yaşayırlar.

Bununla belə, Zəhra Zahidova sosial şəbəkələri yalnız zərərli platformalar kimi təqdim etməyin düzgün olmadığını vurğulayıb. Onun fikrincə, bu platformalar düzgün istifadə edildikdə bilik əldə etmək, xarici dil öyrənmək, yaradıcılıq qabiliyyətini inkişaf etdirmək, yeni insanlarla ünsiyyət qurmaq və özünü ifadə etmək üçün geniş imkanlar yaradır.

Valideynlər övladlarının telefon istifadəsinə necə yanaşmalıdır?

Psixoloq valideynlərə müraciət edərək bildirib ki, gənclərin sosial şəbəkələrdən istifadəsini sərt qadağalarla məhdudlaşdırmaq əvəzinə, onlara rəqəmsal özünənəzarət vərdişləri aşılamaq daha faydalıdır.

O hesab edir ki, valideynlər övladlarının telefon qarşısında keçirdiyi saatlarla yanaşı, virtual aləmə bu qədər bağlanmalarının səbəblərini də araşdırmalıdırlar. Çünki bəzən davamlı telefon istifadəsinin arxasında tənhalıq, diqqət görmək istəyi, özünü təsdiqlətmək ehtiyacı və real həyatdan uzaqlaşmaq meyli dayanır.

Zəhra Zahidova qeyd edib ki, gənclər virtual dünyada daha çox görünməyə çalışarkən real həyatda özlərini tanımağa və inkişaf etdirməyə kifayət qədər vaxt ayırmaya bilərlər.

Psixoloq fikirlərini belə yekunlaşdırıb: Texnologiya insanın həyatını asanlaşdıran vasitə olmalıdır, onun həyatına nəzarət edən amilə çevrilməməlidir. Gənclər başqalarının həyatını izləmək naminə öz həyatlarını yaşamağı unutmamalıdırlar.


Sizin reklam burada
Sizin reklam burada