İran rəhbərliyinin ölkənin gizli nüvə proqramını yenidən aktivləşdirmək və zərbə almış strateji hərbi obyektlərini bərpa etmək istiqamətində gizli fəaliyyətə başladığı iddia olunur.
News365.az xəbər verir ki, ABŞ-ın məşhur "CNN" telekanalının əldə etdiyi ən son peyk görüntülərinə istinadən yaydığı məlumatda söhbətin İranın Pərçin şəhərində yerləşən xüsusi hərbi poliqonundan getdiyi bildirilir. Ekspertlərin rəyinə görə, məhz bu obyektdə nüvə silahının yaradılması üçün zəruri olan xüsusi partlayıcı materiallar və texnologiyalar saxlanılır.
Qeyd edək ki, ABŞ və İsrail silahlı qüvvələrinin regionda keçirdiyi birgə hərbi əməliyyat zamanı sözügedən anbar kompleksinə betonvuran bombalarla bir neçə dəqiq zərbə endirilmişdi və nəticədə qoruyucu qurğunun damında dərin deşiklər yaranmışdı.
Lakin "CNN" telekanalının təhlil etdiyi və iyun-iyul aylarını əhatə edən yeni kosmik fotoşəkillərdə rəsmi Tehranın beynəlxalq təzyiqlərə baxmayaraq, həmin strateji sığınacağı və müdafiə strukturunu sürətlə təmir etməyə başladığı açıq-aydın görünür.