Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycana qarşı qəbul edilən növbəti qərəzli qətnamə bir daha göstərdi ki, bu qurum hələ də Cənubi Qafqazda formalaşmış yeni geosiyasi reallıqları həzm edə bilmir. AŞPA-da Azərbaycana münasibətdə müşahidə olunan selektiv yanaşma və ikili standartlar ən çirkin formada özünü açıq şəkildə büruzə verir. Bu platformada Azərbaycan əleyhinə təşəbbüslərin əsas müəlliflərindən biri kimi tanınan Frank Şvabe uzun illər Ermənistan-Azərbaycan münaqişəsinin nəticələri, işğal dövründə Azərbaycan ərazilərində törədilən dağıntılar, bir milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkün həyatı yaşaması kimi məsələləri gözardı edərək, işğala dəstək verib. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra onun ölkəmizə qarşı tənqidləri daha da intensiv xarakter alıb. Məsələ burasındadır ki, Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Birləşmiş Millətlər Təşkilatının və digər beynəlxalq təşkilatların tanıdığı sərhədlər daxilində dövlət suverenliyinin təmin olunması hər bir ölkənin fundamental hüququdur. Bu baxımdan Azərbaycanın həyata keçirdiyi addımlar beynəlxalq hüququn tələblərinə tam uyğundur.
Lakin AŞPA-da bəzi dairələr bu reallığı qəbul etmək əvəzinə, yenə təzyiq vasitələrinə üstünlük verirlər. Təəssüf doğuran məqam ondan ibarətdir ki, uzun illər ərzində Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması, yüz minlərlə azərbaycanlının doğma yurdlarından didərgin salınması, şəhər və kəndlərin dağıdılması ilə bağlı məsələlərdə nəinki eyni həssaslıq nümayiş etdirilmədi, əksinə, işğalçıya haqq qazandırıldı. Bu isə beynəlxalq institutların obyektivliyini sual altına qoydu.
Hazırda regionda əsas prioritet sülhün möhkəmləndirilməsi və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması olmalıdır. Cənubi Qafqaz uzun illər davam edən münaqişədən sonra yeni inkişaf mərhələsinə qədəm qoyub. Belə bir dövrdə qərəzli qətnamələrin qəbul edilməsi, insan hüquqları və demokratiyadan siyasi təzyiq vasitəsi kimi istifadə, tərəflərdən birinə təzyiq göstərilməsi və ya siyasi ittihamların səsləndirilməsi sülhü pozmağa hesablanıb. Bu cür addımlar etimad mühitinin formalaşmasına mənfi təsir göstərir və konstruktiv dialoq imkanlarını məhdudlaşdırır.
Bu fonda prinsipial mövqe nümayiş etdirən siyasətçilərin mövqeyi xüsusi diqqət çəkir. Ukraynalı deputatlar Aleksey Qonçarenko və Tamila Taşeva beynəlxalq hüququn fundamental prinsiplərinə söykənən yanaşma ortaya qoyaraq dövlətlərin ərazi bütövlüyü və suverenliyinin universallığını vurğulayıblar. Ölkələrin öz əraziləri üzərində nəzarəti bərpa etmək hüququ beynəlxalq hüququn mahiyyətini əks etdirir.
Bu mövqe həm də ona görə əhəmiyyətlidir ki, Ukrayna özü də bu gün ərazi bütövlüyü və suverenliyinin qorunması uğrunda mübarizə aparır. Məhz buna görə ukraynalı siyasətçilərin bir hissəsi ərazi bütövlüyü prinsipinə selektiv deyil, universal yanaşmanın tərəfdarı kimi çıxış edir. Çünki beynəlxalq hüquq yalnız ayrı-ayrı dövlətlərə münasibətdə deyil, bütün ölkələr üçün eyni şəkildə tətbiq olunmalıdır.
AŞPA-nın son qərarı bir daha göstərir ki, bəzi beynəlxalq platformalarda qərəzli siyasi maraqlar hələ də hüquqi prinsipləri üstələyir. Lakin regionda yaranmış yeni reallıqlar artıq dəyişməz xarakter daşıyır. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü təmin olunub və bu fakt beynəlxalq münasibətlərin obyektiv reallığıdır. Beynəlxalq təşkilatların qarşısında duran əsas vəzifə isə qərəzli yanaşmaları davam etdirmək deyil, Cənubi Qafqazda davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmlənməsinə töhfə verməkdən ibarət olmalıdır.
Nigar MƏMMƏDOVA
Deputat