Belçikanın baş naziri Bart De Vever beşpartiyalı koalisiyanın 2027-ci ilin büdcəsi ilə bağlı razılığa gələ bilməməsindən sonra bazar ertəsi istefa ərizəsini Kral Filipə təqdim edib. Kral qərarını təxirə salaraq koalisiya liderləri ilə məsləhətləşmələr aparacağını bildirib.
Kral sarayının bəyanatında bildirilib ki, Filip istefa ilə bağlı qərarını hələlik təxirə salıb və sabah çoxluq təşkil edən partiyaların sədrləri ilə görüşlərə başlayacaq. Bu barədə Anadolu Agentliyi məlumat yayıb.
De Vever büdcə kəsirinin 10 milyard avro azaldılması ilə bağlı müzakirələrin gərginləşdiyi bir vaxtda Brüsseldəki Kral Sarayında Filip ilə 90 dəqiqədən çox görüşüb.
Büdcə ilə bağlı danışıqlar bir neçə həftədir dalana dirənib. Məlumatlara görə, fikir ayrılıqları əsasən flamand sosialist “Vooruit” partiyası və frankofon mərkəz-sağ “İslahatçı Hərəkat” (MR) arasında yaranıb.
De Vever yeni ilə müvəqqəti büdcə ilə başlamaq ehtimalını rədd etmişdi. Belə büdcə hökumətə əvvəlki ilin xərcləmə çərçivəsi əsasında fəaliyyətini davam etdirməyə imkan verərdi.
Belçikanın konstitusiya sisteminə əsasən, kral baş nazirin istefasını qəbul etməyə və ya qərarını təxirə salmağa səlahiyyətlidir. Bu, koalisiya tərəfdaşlarına razılığa gəlmək üçün əlavə vaxt verə bilər. Kral istefanı qəbul edərsə, yeni siyasi razılaşma əldə olunanadək hökumət məhdud səlahiyyətlərlə müvəqqəti fəaliyyət göstərəcək.
Hazırkı böhran 2025-ci ilin sonlarında yaşanan oxşar vəziyyəti xatırladır. Həmin vaxt federal hökumət təxminən 10 milyard avro qənaət etməyin yollarını axtarırdı. De Vever istefa vermək əvəzinə kraldan danışıqlar üçün əlavə 50 gün istəmişdi.
Koalisiya tərəfləri nəhayət noyabrın 24-də razılığa gələrək 9,2 milyard avro qənaət etmək barədə anlaşmışdılar.
News365.az