Şuşa Bəyannaməsi ilə Azərbaycan və Türkiyə yalnızca keçmişə deyil, ortaq gələcəyə də yönəlmiş siyasi iradələrini ortaya qoymuşdur
2021-ci il 15 iyun tarixində Azərbaycanın
mədəniyyət paytaxtı olan Şuşa şəhərində tarixi əhəmiyyətə malik olan
“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik
münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalanmışdır. Bu sənəd, Azərbaycan və
Türkiyə arasında olan dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərini
yeni – müttəfiqlik mərhələsinə yüksəltmişdir. Siyasi, hərbi, iqtisadi, mədəni
və humanitar sahələri əhatə edən bu bəyannamə, Cənubi Qafqazda və ümumilikdə
Türk dünyasında geosiyasi reallıqları dəyişdirən mühüm sənəd hesab olunur. Şuşa
Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir
mesajdır. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə iki qardaş
ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu. Prezident
İlham Əliyev Şuşa Bəyannaməsi haqqında demişdir: “İmzalanmış Bəyannamə tarixə
əsaslanır. Bəyannamədə xalqlarımızın böyük liderləri, öndərləri Mustafa Kamal
Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində
Mustafa Kamal Atatürk demişdir: “Azərbaycanın sevinci sevincimiz, kədəri
kədərimizdir”. XX əsrin sonlarında Heydər Əliyev demişdir: “Türkiyə və
Azərbaycan bir millət, iki dövlətdir”. Bu tarixi sözlər, kəlamlar bizim
fəaliyyətimiz üçün əsas amildir. Biz bu vəsiyyətə sadiqik və XXI əsrdə azad
edilmiş Şuşada Müttəfiqlik Bəyannaməsini imzalayarkən əcdadlarımıza
sadiqliyimizi nümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk”.
Şuşa Bəyannaməsi, 2020-ci
ilin payızında baş tutmuş və Azərbaycanın qələbəsi ilə nəticələnmiş 44 günlük
Vətən müharibəsindən sonra imzalanmışdır. Azərbaycanın ərazi bütövlüyünü bərpa
etməsi və Qarabağda yeni geosiyasi reallıqların yaranması fonunda bu sənəd
imzalanmış və post-münaqişə dövrünün əsas strateji xəritələrindən biri
olmuşdur.
Şuşanın bəyannamənin imzalanma yeri kimi
seçilməsi də rəmzi və tarixi məna daşıyır. Bu, təkcə Qarabağın azad olunmasının
və qələbənin qeyd olunması deyil, həm də Türk dünyasının ortaq tarixi və mədəni
dəyərlərinə hörmətin ifadəsidir. Bəyannamənin əsas müddəalarından biri müdafiə
və təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsidir. Sənəddə qeyd olunur
ki, tərəflər qarşılıqlı maraqlara əsaslanaraq bir-birlərinə hərbi yardım
göstərə və müdafiə qabiliyyətini gücləndirə bilərlər. Bu, faktiki olaraq iki
ölkənin hərbi müttəfiqliyini təsdiqləyir. Bu çərçivədə müdafiə sənayesi
sahəsində texnoloji bilik və istehsal təcrübəsi paylaşılıb. Müntəzəm birgə
hərbi təlimlər keçirilir. Terrorizm və transmilli təhlükələrə qarşı ortaq
mübarizə aparılır. Hərbi qulluqçuların təhsili və təcrübə mübadiləsi aparılır.
Bütün bunlar regionda yeni təhlükəsizlik balansı yaradaraq, Azərbaycan və
Türkiyənin hərbi-siyasi çəkisini artırır, eyni zamanda qarşılıqlı müdafiə
öhdəliklərini rəsmiləşdirib.
Şuşa Bəyannaməsində Zəngəzur dəhlizinin
açılması, nəqliyyat bağlantılarının genişləndirilməsi və Orta Dəhliz
layihəsinin inkişaf etdirilməsi kimi mühüm məqsədlər öz əksini tapır. Zəngəzur
dəhlizi böyük geosiyasi və iqtisadi əhəmiyyətə malikdir. Bu layihənin həyata
keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq
iqtisadi dəhliz açılacaqdır. Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil
yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi reallığa çevrilir. Zəngəzur geosiyasi
əhəmiyyətə malik olan nəqliyyat layihəsidir. Zəngəzur dəhlizi – Azərbaycanın
qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa quru bağlantı
yaratmaqla yanaşı, Azərbaycan-Türkiyə əlaqələrini qitəmiqyaslı nəqliyyat və
enerji arteriyalarına çevirə bilər. Bu layihə Çin-Mərkəzi
Asiya-Qafqaz-Türkiyə-Avropa istiqamətində ticarət və logistika imkanlarını
genişləndirir. Türkiyə və Azərbaycanın transkontinental körpü rolunu
gücləndirir. Rusiyanın və İranın regional təsir imkanlarını balanslaşdırır.
Azərbaycan və Türkiyə enerji sahəsində uzun
illərdir əməkdaşlıq edir. TANAP, TAP kimi layihələr iki ölkənin enerji
təhlükəsizliyində və Avropa bazarına çıxışında strateji ortaqlığını sübut edir.
Şuşa Bəyannaməsi bu sahədə əməkdaşlığı daha da gücləndirmək məqsədi daşıyır.
Bəyannamədə bərpa olunan enerji mənbələrinin
inkişafı üçün birgə layihələr, iqtisadi sərmayə və işgüzar mühitin təşviqi,
sərbəst ticarət rejimlərinin və gömrük güzəştlərinin genişləndirilməsi ilə də
baölı müddəalar yer alıb. Bu, beynəlxalq investorlar üçün cəlbedici, sabit və
inteqrasiya olunmuş iqtisadi zona yaradılmasına imkan verir.
Bəyannamə yalnız strateji sahələrə deyil, həm
də xalqlar arasında humanitar və mədəni əlaqələrin dərinləşməsinə xidmət edir.
Xüsusilə ortaq mədəni irsin qorunması və təşviqi, təhsil sahəsində tələbə və
müəllim mübadiləsi, gənclər təşkilatları və qeyri-hökumət strukturları arasında
əməkdaşlıq təşviq edilir. Bu yanaşma, Türk dünyasının ideoloji və mənəvi
birliyini gücləndirir, gələcək nəsillərin ortaq tarix və dəyərlər əsasında
yetişdirilməsinə xidmət edir.
Şuşa Bəyannaməsi, həm də Türk Dövlətləri
Təşkilatının inteqrasiyası və gücləndirilməsi baxımından strateji önəm daşıyır.
Azərbaycan və Türkiyə bu təşkilatın əsas lokomotiv dövlətləri kimi çıxış edir
və bu sənəd vasitəsilə bütün türk dövlətləri üçün əməkdaşlıq modeli təklif
olunur. Bu model suverenliyə hörmət əsasında ortaq maraqları müdafiə edir.
Geosiyasi təhlükələrə qarşı ortaq reaksiya imkanları yaradır. İqtisadi və
enerji resurslarını birgə şəkildə idarə etməyə zəmin yaradır.
Şuşa Bəyannaməsi XXI əsrin ilk rübündə
Azərbaycan və Türkiyə arasında imzalanmış ən əhəmiyyətli siyasi sənədlərdən
biridir. Bu sənəd yalnız iki dövlət arasında münasibətlərin yeni – müttəfiqlik
mərhələsinə keçdiyini təsdiqləmir, həm də regionda davamlı sülh, əməkdaşlıq və
sabitlik üçün hüquqi və strateji əsaslar yaradır. Bəyannamə ilə Azərbaycan və
Türkiyə yalnızca keçmişə deyil, ortaq gələcəyə də yönəlmiş siyasi iradələrini
ortaya qoymuşdur. Bu sənəd, həm Cənubi Qafqazın, həm də Türk dünyasının gələcək
geosiyasi və iqtisadi konturlarını formalaşdıran açar sənədlərdən biri kimi
tarixə düşür.
Kamal Paşa-zadə
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin
violonçel ixtisası üzrə müəllimi,
Azərbaycan Respublikasının Əməkdar müəllimi