"Əsrlər boyu öz birliyi uğrunda, tarixi kökləri, mədəniyyəti, adət-ənənəsi, dili uğrunda mübarizə aparan Dünya Türkləri artıq beynəlxalq müstəvidə haqqı, hüququ tanınan bir topluma çevirilir. Bu əlamətdar günün təsis edilməsi türk dilinin qorunması, inkişafı və gələcək nəsillərə ötürülməsi istiqamətində atılan mühüm addımdır. Türk Dili Ailəsi günü xalqlar arasında qarşılıqlı anlaşmanı və həmrəyliyi daha da gücləndirməyi hədəfləyir".
News365.az xəbər verir ki, bunları Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi ictimai birliyinin sədri İlham İsmayılov “Dünya Türk Dili Ailəsi Günü” ilə bağlı fikirlərini bölüşərkən səsləndirib. İctimai birlik sədri deyib ki, 15 dekabr 2025-ci il tarixində Türk Dünyası mühüm bir tarixi hadisəni – 3 noyabr 2025-ci il tarixində Səmərqənd şəhərində keçirilmiş UNESCO-nun 43-cü Ümumi Konfransında rəsmi olaraq elan edilmiş “Dünya Türk Dili Ailəsi Günü”nü qeyd edir:
"Biz də ATXƏM olaraq uzun illər öz fəaliyyətimizdə ortaq türk dilinin yaranması, ortaq ənənələrin qorunub saxlanılması, Türk Dünyasının inteqrasiyasının gücləndirilməsi uğrunda öz fəaliyyət prinsiplərimizi fundamental dəyərlər üzərində qurmuşuq. Bu günün beynəlxalq səviyyədə qeyd olunması bizi də çox sevindirir".
"Dünya Türk Dili Günü münasibətilə bütün Türk Dünyasını təbrik edir və zəngin, qüdrətli dilimizin əbədi olmasını arzu edirik!",-deyə ATXƏM sədri vurğulayıb.
ATXƏM-in sədri İlham İsmayılov