Bu il Avropa Ukraynaya rekord həcmdə – 27 milyard avro məbləğində hərbi yardım göstərib.
News365.az xəbər verir ki, bunu Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Xarici İşlər Şurasının iclasının yekunlarına dair mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqı (Aİ) Ukrayna Silahlı Qüvvələrinə 2 milyon artilleriya mərmisi ötürüb.
"İndi tempi aşağı salmaq vaxtı deyil. Biz Ukraynanın müdafiəsini və danışıqlardakı mövqelərini gücləndirmək üçün daha çox iş görməliyik, çünki Rusiya hələ də sülh yolu ilə həll variantını rədd edir", – o bildirib.
Kallas söyləyib ki, Aİ ölkələrinin xarici işlər nazirləri sülh sazişində etibarlı təhlükəsizlik zəmanətlərinin vacibliyini açıq şəkildə vurğulayıblar, çünki Kiyevdən NATO-ya üzvlükdən imtina tələb olunur.
Diplomatın fikrincə, Aİ Ukraynanın gələcək təhlükəsizliyi və müdafiə qabiliyyətinin təmin olunması üçün əlindən gələni edəcək, o cümlədən hərbi təlimlər və müdafiə sənayesinə dəstək göstəriləcək.
"Lakin sülhə görə hansı güzəştlərə gedəcəyi barədə Ukraynanın özü qərar verməlidir", – Kallas Ukrayna Prezidenti Volodimir Zelenskinin NATO-ya üzvlük "ambisiyalarından imtina" ehtimalı ilə bağlı bəyanatını şərh edərkən deyib.
Kallas əlavə edib ki, Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Şura iştirakçıları ilə keçirilən videokonfransda bu məsələyə dair əlavə izah verməyib: "Lakin biz bilirik ki, NATO-ya üzvlük konstitusiyada təsbit olunub. Buna görə də, əgər onlar güzəştə gedəcəklərsə, əvvəlcə bütün üzv dövlətlər və bütün ölkələr, o cümlədən amerikalılar, onlara yalnız kağız üzərində deyil, real təcrübədə də çox ciddi, hiss olunan təhlükəsizlik zəmanətləri verməlidirlər"./Report