Bəşər Əsəd və ailəsi Moskvada nə işlə məşğuldur?

Bəşər Əsəd və ailəsi Moskvada nə işlə məşğuldur?
11:48

Suriyanın devrilmiş prezidenti Bəşər Əsəd ailəsi ilə birlikdə Moskvaya köçdükdən sonra yenidən tibbi təhsil almağa başlayıb.

News365.az xəbər verir ki, "The Guardian" qəzetinin məlumatına görə, Əsəd hazırda oftalmologiya üzrə dərslərdə iştirak edir, eyni zamanda rus dilini öyrənir və biliklərini təkmilləşdirir.

Nəşrə danışan Əsəd ailəsi ilə əlaqədə olan mənbənin sözlərinə görə, oftalmologiya onun şəxsi maraq dairəsidir və maddi ehtiyacla bağlı deyil. Bildirilir ki, Suriyada müharibə başlamazdan əvvəl də Əsəd mütəmadi olaraq Dəməşqdə həkim-oftalmoloq kimi praktik fəaliyyət göstərib.

Mənbələrin məlumatına əsasən, Əsəd ailəsi hazırda Moskva və Birləşmiş Ərəb Əmirliklərində sakit, qapalı və eyni zamanda dəbdəbəli həyat sürür. "The Guardian"la danışan iki mənbə ailənin Moskvada Rublyovka ərazisində yaşaya biləcəyini ehtimal edir. Ailəyə yaxın mənbə isə Almaniyanın Zeit nəşrinə bildirib ki, Əsəd ailəsinin Moskva-Siti kompleksində üç mənzili var.

Bununla belə, Bəşər Əsədin həm Suriya, həm də Rusiya elitası ilə təmaslarının olduqca məhdud olduğu vurğulanır. Ailə dostunun sözlərinə görə, o, son dərəcə sakit həyat yaşayır və demək olar ki, kənar dünya ilə əlaqə saxlamır. Əsəd yalnız əvvəllər prezident sarayında olmuş bir neçə şəxslə, o cümlədən Suriyanın sabiq prezident sarayı üzrə naziri Mənsur Əzzam və keçmiş baş iqtisadi müşaviri Yassar İbrahimlə ünsiyyət qurur.

"The Guardian" qeyd edir ki, Əsəd RT telekanalına və “sağ yönlü məşhur amerikalı bloqerə” müsahibə verməyi planlaşdırsa da, hələlik Rusiya hakimiyyətindən mediaya çıxmaq üçün icazə gözləyir.

Ailə üzvlərinə gəlincə, mənbələrin bildirdiyinə görə, leykoz xəstəliyindən əziyyət çəkən Suriyanın sabiq birinci xanımı Əsma Əsəd eksperimental müalicədən sonra remissiya mərhələsinə nail olub. Əsədin övladlarının isə “bir qədər çaşqın” olduğu və birinci ailə statusu olmadan həyata uyğunlaşmağa çalışdıqları qeyd olunur. Qəzet həmçinin MQİMO-da keçirilən buraxılış mərasimindən yayılan bir fotoya diqqət çəkib. Həmin fotoda Əsədin qızı Zeyn əl-Əsəd digər məzunlarla birlikdə görünür. Bildirilir ki, o, bu ali məktəbdə təhsilini yeni başa vurub.

Xatırladaq ki, 2024-cü ilin dekabrında silahlı müxalifət qüvvələri Dəməşqə daxil olduqdan sonra Bəşər Əsəd səlahiyyətlərindən imtina edərək ölkəni tərk edib. Suriyada müvəqqəti prezident vəzifəsinə Əhməd əş-Şaraa təyin olunub. O, Əsəd rejiminin devrilməsində əsas rol oynamış “Heyət Təhrir əş-Şam” qruplaşmasına rəhbərlik edir.

Bəşər Əsəd və ailəsi Rusiyada sığınacaq alıb. Moskva yeni Suriya hakimiyyəti ilə diplomatik əlaqələri saxlayır. Rusiya Xarici İşlər Nazirliyi Əsədin təhlükəsiz şəraitdə olduğunu təsdiqləsə də, Kreml onun Rusiyadakı həyatı ilə bağlı detalları açıqlamayıb.


Sizin reklam burada
Sizin reklam burada