Ermənistanın Aİ-yə müraciətinin səbəbi Rusiyanın təzyiqləridir - ŞƏRH

Ermənistanın Aİ-yə müraciətinin səbəbi Rusiyanın təzyiqləridir - ŞƏRH
14:29

Son dövrlər Ermənistanın Avropa İttifaqına ard-arda ünvanladığı müraciətlər regionda yeni siyasi suallar doğurur. İrəvanın bu addımı sadəcə diplomatik jest deyil, böyük güclər arasında dəyişən balansın və daxili təzyiqlərin açıq göstəricisi kimi qiymətləndirilir. Xüsusilə Zəngəzur dəhlizi ətrafında baş verən proseslər fonunda Ermənistanın Moskva ilə münasibətlərində yaranan gərginlik onu yeni siyasi dayaqlar axtarmağa məcbur edir.

Ermənistanın Avropa İttifaqından kömək istəməsinin əsas səbəbi Rusiyanın İrəvana göstərdiyi siyasi təzyiqlərlə bağlıdır.

Bu barədə politoloq Fuad Heydərov News365.az-a açıqlamasında bildirib.

Politoloqun sözlərinə görə, Azərbaycanla ABŞ-ın prezidenti Donald Trampın iştirakı ilə Vaşinqtonda keçirilən görüş və əldə olunan razılaşmadan sonra Zəngəzur dəhlizinin açılması məsələsi gündəmə gəlib. Məhz bu proses Rusiyanın nəzarətindən çıxıb və mövzunun ABŞ tərəfindən həll olunmağa başlanması Kremlin narazılığına səbəb olub.

Fuad Heydərov qeyd edib ki, Ermənistan son dövrlər Avrasiya İqtisadi Birliyindən uzaqlaşaraq Avropa İttifaqına daha çox maraq göstərir. Bu, həm siyasi, həm də ticarət baxımından Rusiyadan asılılığın azaldılması məqsədi daşıyır:

“Ermənistan artıq Rusiya ilə mövcud münaqişəli münasibətlərdən çıxmaq istəyir. Zəngəzur dəhlizinin açılması ölkə daxilində referendumun keçirilməsi, eləcə də prezident və parlament seçkiləri ilə müşayiət oluna bilər. Bu isə konstitusiya dəyişikliklərini və yeni siyasi prosesləri zəruri edir”, – deyə politoloq vurğulayıb.

Heydərovun sözlərinə görə, baş verən proseslər fonunda Rusiya tərəfindən Ermənistana müxtəlif müdaxilələr edilir. Məhz bu müdaxilələrin qarşısını almaq və daxili siyasi proseslərin şəffaf şəkildə keçirilməsini təmin etmək üçün Ermənistan Avropa İttifaqından dəstək istəyir.

Politoloq əlavə edib ki, Vaşinqtonda imzalanan razılaşmalar çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında müəyyən öhdəliklər razılaşdırılıb və bu vədlərin yerinə yetirilməsi vacibdir:

“Paşinyan da yaxşı bilir ki, Ermənistanın ‘Dağlıq Qarabağ’ adı altında irəli sürdüyü iddialar əsassızdır. Söhbət Ermənistana aid olmayan torpaqlar üzərində aparılan mənasız mübarizədən gedir”, – deyə Fuad Heydərov bildirib.


Sizin reklam burada
Sizin reklam burada