Avropa ölkələrinin Ermənistana verdiyi dəstək və bölgədəki siyasi təşəbbüslər son günlər yenidən gündəmə gəlib.
Bəzi ekspertlər bu addımları sırf Cənubi Qafqazdakı sabitliyi təmin etmək baxımından qiymətləndirərkən, politoloq Taleh Əliyev News365.az-a açıqlamasında məsələnin daha dərin geosiyasi kontekstdə başa düşülməsinin vacibliyini vurğulayıb.
Politoloq qeyd edib ki, Avropa liderləri Azərbaycanla Ermənistan arasında əldə olunmuş sülh prosesinə və Dağlıq Qarabağ bölgəsindəki vəziyyətə ABŞ-ın rolunu zəiflətmək məqsədilə müdaxilə edə bilirlər. Taleh Əliyev hesab edir ki, Cənubi Qafqazda, xüsusilə Azərbaycan və Ermənistan arasında inkişaf edən münasibətlərdə Avropa ölkələrinin əsas məqsədi bölgədə ABŞ-ın təsirini balanslaşdırmaqdır.
O vurğulayıb ki, Avropa üçün Rusiyanın bölgədə qalması o qədər təhlükə kimi görünmür, amma ABŞ-ın geosiyasi və iqtisadi maraqları Avropada bir sıra strateji məsələlərdə prioritet hesab olunur. Politoloqun qənaətincə, Avropa ölkələrinin mövqeyi daha çox ABŞ-ı məhdudlaşdırmaq və bölgədə öz təsirlərini gücləndirmək məqsədi daşıyır, nəinki Azərbaycan və Ermənistan arasında sülh prosesinə birbaşa dəstək.