Ərdoğanın oğlundan atasına dəstək çağırışı

Ərdoğanın oğlundan atasına dəstək çağırışı
17:30

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan İstanbulda Ərzincanlı iş adamları ilə keçirilən görüşdə çıxış edib və iştirakçıları prezidentin ətrafında birləşməyə çağırıb.

News365.az-ın məlumatına görə, o bildirib ki, Türkiyənin dünyanın ən böyük beş iqtisadiyyatından birinə çevrilmək potensialı var və bunun üçün əsas şərt birlik və həmrəylikdir.

Bilal Ərdoğanın sözlərinə görə, Türkiyə böyük enerji və imkanlara malikdir, lakin bu potensialın tam reallaşması üçün daha geniş düşünmək, ümumi məqsədlər ətrafında toparlanmaq lazımdır. O, atasının beynəlxalq arenada Türkiyəni təmsil etdiyini vurğulayaraq, prezident haqqında mənfi danışılmasına yol verilməməsinin vacibliyini qeyd edib.

“Ölkəni dünyada təmsil edən prezidentin arxasında durmağın nəyi pisdir? Nə itirərik ki? Bu ölkə üçün bu qədər iş görmüş, Türkiyəni yeni mərhələyə çıxarmış və dünyada hörmət qazanan bir liderin ətrafında birləşmək lazımdır”, - deyə Bilal Ərdoğan bildirib.

O əlavə edib ki, prezident Ərdoğanın gördüyü işlərin dəyəri gec-tez mütləq şəkildə qəbul ediləcək, lakin bunun daha tez baş verməsi daha yaxşı olardı. Bilal Ərdoğanın fikrincə, əgər son 23 il ərzində dəstək daha güclü olsaydı, Türkiyə bu gün daha da qüdrətli ola bilərdi. Onun sözlərinə görə, daxili çəkişmələr və “xainlər” prezidentin enerjisinin boşa xərclənməsinə səbəb olub və bu da ölkənin mövqelərini zəiflədib.


Sizin reklam burada
Sizin reklam burada