Sürücülər üçün imtahan keçiriləcək

Sürücülər üçün imtahan keçiriləcək
16:42

Dövlət İmtahan Mərkəzi (DİM) taksi sürücüləri, avtomobil ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsləri, beynəlxalq yük daşımalarını həyata keçirən sürücülər üçün fevralın 13-də imtahan keçirəcək.

Bu barədə DİM məlumat yayıb.

Bildirilib ki, imtahanlarda iştirak etmək üçün ümumilikdə 1 513 (taksi – 1 439, yükdaşıma – 63, operator – 11 ) nəfər qeydiyyatdan keçib.

İmtahanın keçirilməsi üçün 13 imtahan rəhbəri, 100 nəzarətçi və 6 buraxılış rejimi əməkdaşı ayrılıb.

Xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün imtahan DİM-in elektron imtahanlar korpusunda kompüterlər vasitəsilə keçiriləcək. İmtahan iştirakçıları imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olacaqlar. Nəticələr həmçinin növbəti gün DİM-in saytına yerləşdiriləcək.

Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsilə çap edə bilərlər. İştirakçılar "İmtahana buraxılış vərəqəsi"ndə göstərilən vaxtda imtahan binasının qarşısında olmalıdırlar.

İmtahana gələrkən namizədlər "İmtahana buraxılış vərəqəsi" və şəxsiyyət vəsiqəsinin əslini mütləq təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.

Qeyd edək ki, imtahanlar bir saat davam edəcək. İmtahan zamanı taksi minik avtomobili sürücülərinə xüsusi hazırlığın proqramını əhatə edən, etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair 20 test tapşırığı, avtomobil ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsləri və beynəlxalq yük daşımalarını həyata keçiriən sürücülərə isə peşəkarlıq səriştəsinə dair 25 test tapşırığı təqdim ediləcək. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox bal toplamış taksi minik avtomobili sürücüləri, 15 və daha çox bal toplamış beynəlxalq yük daşımalarını həyata keçirən sürücülər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara müvafiq şəhadətnamələr təqdim edilir.


Sizin reklam burada
Sizin reklam burada